ADU-da Azərbaycan mədəni irsi ilə bağlı müzakirələr aparılıb

AZADİNFORM. Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə “Azərbaycan mədəni irsinin mühafizəsi” mövzusunda dəyirmi masa keçirilib.

ADU-dan Azadinform-a verilən məlumata görə, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli mövzunun aktuallığından danışıb, belə tədbirlərin tələbələrin maariflənməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Dekan qeyd edib ki, Azərbaycan işğalçı siyasət nəticəsində ərazi bütövlüyünü itirib və bunun nəticəsində mədəni abidələrimizin bir qismi məhv olub. Amma dövlətimizin apardığı siyasət nəticəsində bu gün mədəni irsimizin mühafizə edilməsi və dünya mədəni irs siyahısına salınması istiqamətində nəzərəçarpan addımlar atılıb. 

Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva və kafedranın baş müəllimi Rəna Rəcəbli mövzu ilə bağlı təqdimatla çıxış ediblər. Bildirilib ki, Azərbaycan zəngin mədəni irsə malikdir və Azərbaycanın bir sıra mədəniyyət abidələri UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi UNESCO-nun Dünya Maddi İrs Siyahısına salınıb, Azərbaycan muğamı, xalçaçılıq sənəti, aşıq sənəti və Novruz bayramı isə Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 

Tədbir müzakirələrlə yekunlaşıb.

11.10.2018 13:03 / Baxılıb: 165 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo