Biləsuvarda sosial şəbəkələrin durumu müzakirə edilib

Samir Soltanov/AZADİNFORM. Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “İdarəolunan dezinformasiya siyasətinin qarşısının alınmasına və sosial şəbəkələrdə milli maraqların qorunmasına dəstək” adlı layihənin icrasını davam etdirir. 

Azadinform xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir Biləsuvar şəhərində baş tutub. Tədbirdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, jurnalistlər, gənclər və bloggerlər iştirak ediblər. 

Biləsuvar rayon  İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etdiklərini bildirib. Qeyd edib ki, yerli icra hakimiyyəti QHT-lərin təşəbbüsünə həmişə həssas yanaşır, ictimai müzakirələrin təşkilində yaxından iştirak edir. 

Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə bildirib ki, ölkədə internetin geniş zəmin tapdığı indiki şərait söz və ifadə azadlığı baxımından pozitiv məqamdır. 

Bununla belə, çalışmaq lazımdır ki, fərdlərin sosial şəbəkələrdən istifadəsi cəmiyyətin mənafeyinə zidd olmasın. Onun sözlərinə görə, xüsusilə ekstremal situasiyalar zamanı sosial şəbəkələrdə yaradılan ictimai rəy mənfi fəsadlar doğura bilər. 

Biləsuvar rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov sosial şəbəkə iştirakçısı olan gəncləri milli maraqların fəal müdafiəçisi olmağa səsləyib. Qeyd edib ki, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün sosial şəbəkələrin imkanlarından maksimum istifadə etmək lazımdır. 

11.10.2018 12:53 / Baxılıb: 165 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo