Bu qurumların internet portalları necə işləyir?

Ləman Hüseynzadə / AZADİNFORM. Dövlət orqanlarının elektron idarəçiliyə keçidi vətəndaşlara daha operativ xidmətlərin göstərilməsi üçün ən unikal vasitədir.

Bu həm də dövlətin müasir prinsiplər əsasında idarə olunmasının göstəricilərindən biridir. Vətəndaş müvafiq dövlət qurumunun rəsmi internet portalına daxil olaraq istədiyi informasiyanı rahatca əldə etmək istəyir. Bu gün artıq demək olar, bütün dövlət qurumlarının internet portalı mövcuddur. Bəs, görəsən bu elektron portallar necə işləyir? Dövlət qurumları lazımı informasiyanı operativ şəkildə elektron resurslar vasitəsilə vətəndaşlara təqdim edə bilirmi?

 

 

Azərbaycan Respublikası Hesablama Palatasının internet ünvanı olan sai.gov.az vətəndaşların istifadəsi üçün tam təşkil olunub. Burada yaradılan “Vətəndaşlarla iş” bölməsində qəbul günlərinin bütün aylar üzrə cədvəli, sorğu və müraciətlər xanası yerləşdirilib. Bundan başqa, qurumun həm Bakı, həm də Naxçıvan idarələrinin əlaqə telefonları qeyd edilib. “Hesabatlar” bölməsində illər üzrə bütün məlumatlar yerləşdirilib. “Xəbərlər” bölməsi bütün aylar üzrə yenilənib. Sayt 2 dildə - Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir. Hər iki versiyada eyni səviyyədə təşkil olunub.

 

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) rəsmi internet ünvanı (bna.az) vətəndaşların istifadəsi üçün lazımı qaydada təşkil edilib. Saytda yerləşdirilən “Fəaliyyətimiz” bölməsində təşkil olunan “Marşrutlar” və “Taksi xidməti” xanalarında paytaxtın marşrut şəbəkəsi və taksi xidmətinin təşkili barədə məlumatlar yer alır. “Vətəndaşlar üçün” adlanan bölmədə qəbul günləri və əlaqə nömrələri haqqında ətraflı məlumat var. Bundan başqa, portalda vətəndaşların ixtiyarında olan “ALO 141” Çağrı Mərkəzinin internet ünvanı da (alo141.az) yerləşdirilib ki, burada bütün avtobusların hansı istiqamətlərdə hərəkət etdiyi xəritə boyu sxemlərlə göstərilib. Eyni zamanda, vətəndaşların şikayət və təklifləri üçün daim aktiv şəkildə fəaliyyət göstərərək qaldırılan məsələləri nəzərə alır. “Ən çox verilən suallar” və “Ümumi suallar” bölmələri bütünlüklə “BakıKart”ın fəaliyyəti istiqamətinə yönəlib. “Xəbərlər” bölməsi daim yenilənir. “Müsabiqələr” bölməsində müsabiqədə iştirak edən marşrut xətləri qeyd edilir. Sayt 3 dildə - Azərbaycan, Rus və İngilis dillərində fəaliyyətdədir.

 

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəsmi internet səhifəsində (acsc.az) lazım olacaq hər bir məlumat yerləşdirilib. Vətəndaşlar üçün “Məktub yaz” bölməsi, qurumun qəbul günləri, bütün departamentlər üzrə əlaqə nömrələri və “Qaynar xətt” var. Həmçinin, saytda yerləşdirilən elektron bilet sifarişi vətəndaşların işini asanlaşdırır. “Xəbərlər” bölməsi hər ay üzrə yenilənib. Sayt Azərbaycan, Rus və İngilis dillərində fəaliyyət göstərir.

 

 

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin rəsmi internet ünvanında (tedaruk.gov.az) vətəndaşların istifadəsi üçün qismən əlçatandır. Regional idarələrin dislokasiyası bölməsində bütün idarə rəhbərləri, ünvanı və əlaqə nömrələri qeyd olunub. Qurumun 1659 Çağrı Mərkəzi vətəndaşlar üçün xidmət göstərir. Amma qurumun qəbul günləri və sual-cavab ilə bağlı portalda heç bir məlumat yer almayıb. Sayt Azərbaycan, Rus və İngilis dillərində fəaliyyət göstərir. Hər 3 dildə “Xəbərlər” və digər bölmələr yenilənir.

 

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi internet səhifəsində (afsa.gov.az) vətəndaşlar üçün qəbul günləri, əlaqə nömrələri qeyd edilib. Suallar və cavablar bölməsində yalnız 5 sual yerləşdirilib. “Regional Mərkəzlər” bölməsinə daxil olmaq olmur. Saytın 2 dildə - Azərbaycan və İngilis dillərində fəaliyyət göstərməsinə baxmayaraq, İngilis versiyasına daxil olduqda məlumatlar yenə də Azərbaycan dilində açılır.

11.10.2018 11:45 / Baxılıb: 615 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo