Prezident xarici siyasətimizin əsas Yol Xəritəsini cızmış oldu

Nərgiz Məmməd/AZADİNFORM. “Biz istəyirik ki, Azərbaycan ilə daha çox hesablaşsınlar, Azərbaycandan daha çox məsələlər asılı olsun və buna nail oluruq, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib – Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan dünənki iclasında səsləndirdiyi bu fikir bizim xarici siyasətimizin prioritet istiqamətini ortaya qoyur”.

Azadinform xəbər verir ki, bu sözləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. Partiya sədri deyib ki, bu xətt hal-hazırda ən ümdə strateji hədəfimizdir və ölkə başçısı bu fikri ilə xarici siyasətimizin əsas "Yol Xəritəsi"ni cızmış oldu: “İndi Azərbaycanın beynəlxalq mövqeləri gündən-günə güclənir. Beynəlxalq aləmin bütün əsas subyektləri, aparıcı dövlətləri Azərbaycanla hesablaşırlar. Bu heç də adi məsələ deyil. Ölkəmiz son 10 il ərzində həm regionda, həm də dünyada böyük hörmət və nüfuz sahibinə çevrilib. Biz yaxın və uzaq xarici dövlətlərin hər biri ilə tam bərabərhüquqlu əməkdaşlıq qururuq. Bədnam Ermənistanı çıxmaq şərtilə, qonşu dövlətlərin də hər biri ilə səmimi dostluq və işgüzar əməkdaşlıq münasibətlərimiz var. Qardaş Türkiyə ilə, Gürcüstanla strateji müttəfiqik. Rusiya ilə münasibətlərimiz də strateji müttəfiqliyə doğru inkişaf edir. Eyni zamanda biz Qərblə Şərqi birləşdirən açar ölkəyik. Bölgədəki bütün böyük layihələr məhz Azərbaycanın razılığı və iştirakı ilə reallaşdırılır. Əsas logistik qovşaqlar da Azərbaycan üzərindən keçir”.

Partiya sədri qeyd edib ki, Azərbaycan enerji daşıyıcılarının Avropa bazarına nəql olunmasının diversifikasiyası məsələsində həlledici fiqurlardan biri sayılır: “İndi Almaniya və Fransa başda olmaqla, AB ölkələrinin hər biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması işindəki əhəmiyyətini anlayır və Azərbaycanla münasibətləri möhkəmləndirməyə çalışırlar. Almaniya kansleri Angela Merkelin keçən ay Bakıya səfər etməsi bunun əyani təsdiqidir. Yaxın günlərdə Fransa prezidenti Emmanuel Makronun da ölkəmizə rəsmi səfəri gözlənilir. Eyni zamanda, Azərbaycan ABŞ və Rusiyanın da xüsusi diqqət mərkəzindədir. Putinin sentyabrın 27-də ölkəmizə səfəri Azərbaycanın Rusiya üçün nə qədər önəmli ölkə olduğunu bir daha ortaya qoydu. Bu mənada, cənab Prezidentin "biz istəyirik ki, Azərbaycan ilə daha çox hesablaşsınlar, Azərbaycandan daha çox məsələlər asılı olsun" fikri həqiqətən də beynəlxalq münasibətlərin gerçəkliyinə çevrilir”.

10.10.2018 15:43 / Baxılıb: 277 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo