Təhsildə mövcud olan problemlərdən necə çıxa bilərik?

Son günlər təhsilin tətbiqi zamanı meydana çıxan 3 əsas problem müzakirə mərkəzindədir. Müəllimin təlimi, maaşı və aldığı rüşvət! Hər bir çətinlikdən çıxış yolunu, çətinliyi doğuran səbəbin özündə axtarmaq lazımdır. Deməli, çətinlik məhz təhsil prosesinin əsas siması olan müəllimlə əlaqədardır.

“Öyrənmək öyrənəndən çox öyrədənin ustalığından asılıdır” cümləsindəki fəlsəfi hikmət də diqqəti müəllimə yönəldir.

Müəllim sözü ərəbcədə “öyrədən” mənasına gəlir. Elm təlimi onunla həqiqətən məşğul olanlara məmnuniyyət bəxş edir. Elmin əsas funksiyası insanın maddi maraqlarına deyil, dünyanı məqsədə yönlü dəyişdirmək məqsədinə xidmət edir. Əgər müəllim öz işini aldığı məvacib qarşılığında yerinə yetirirsə bu ciddi bir problemdir.

Öyrədən insan fədakar olmalıdır. Maddiyyat mənəviyyatı üstələməməlidir. Öyrədənlə öyrənənlər arasındakı pedaqoji proses bilik səviyyəsini, mənəvi, əxlaqi və psixoloji keyfiyyətlərin inkişafını təmin etməlidir. Cəmiyyətin inkişafına təkan verən pedaqoji təhsilli mütəxəssis təlim prosesində təhsil, tərbiyə və inkişafa üstünlük verməlidir. Bunun üçün müəllim ildə bir dəfə intensiv müayinələrdən keçməlidir. Ola bilər ki, işə götürülərkən psixoloji vəziyyəti yerində olub. Amma elə travma yaşayıb ki, onun psixoloji vəziyyətində gərginliklər, problemlər var.

Psixologiyası qüsurlu olan müəllim hətta savadlı olsa belə, bildiyini öyrədə bilməz: obyektivlik, ədalətli yanaşma, vicdanlı davranma kimi keyfiyyətləri aşılaya bilməz. Psixoloji problemli müəllim istənilən hadisəyə aqressiv yanaşar.

Bütün dövlət təhsil müəssisələrində onlayn kamera görüntülərini izləmə funksiyası olsaydı, təhsil və nizam-intizamla bağlı problemlər aradan qalxardı.

Təhsil müəssisələrində kameraların quraşdırılması dərslərin yüksək səviyyədə keçirilməsi, ciddi qayda-qanun, nizam-intizamın gözlənilməsi üçün əvəzsiz vasitədir. Kamera quraşdırılan təhsil müəssisəsində müəllim və tərbiyəçilər özlərini daha məsuliyyətli hiss edirlər. Bu, bütün dünyada qəbul olunmuş uğurlu sistemdir.

Təhsil sözü ərəb dilində “məhsul” mənasını verir. Təhsilin problemləri bizi mürəkkəb fəlsəfi düşüncələr sisteminə cəlb edir. Pedaqogika və tərbiyə tarixi ilə bağlı bir çox tədqiqatların çatışmazlığı, təhsilə baxışlar kompleksini fəlsəfi və psixoloji düşüncənin ümumi axarından ayırmaqdadır. Pedaqogikanı bir elm olaraq fəlsəfədən ayırmaq mümkün deyil. İnsanın tərbiyəsi, həyat üçün hazırlanması, bilik və bacarıqlara yiyələnməsi, insan və cəmiyyət, insan və dünya problemlərinin tərkib hissəsidir. Təsadüfi deyildir ki, bu cür məsələlərə məhz filosofların əsərlərində müraciət edilmişdir. 

Pedaqogika tətbiqi fəlsəfədir. Buna görə də, təhsildə mövcud olan problemlərin əsaslarını və qanunauyğunluğunu fəlsəfədə axtarmaq lazımdır. Təlimin, təhsilin, tərbiyənin və inkişafın problemlərini fəlsəfəsiz həll etmək mümkün deyil. Təlim və tərbiyə zamanı uşaqların psixikasında baş verən dəyişikliklər nə qədər dərindən öyrənilir və nəzərə alınırsa, çıxarılan nəticələr və verilən məsləhətlər bir o qədər əsaslı olur. Nə öyrətmək, nə vaxt və necə öyrətmək? Yəni, psixikanı inkişaf etdirmək üçün təhsil şərtdir, təhsil vermək üçün isə psixikanın inkişaf qanunauyğunluqlarını bilmək şərtdir. Təhsildəki nöqsanları aradan qaldırmaq üçün bu istiqamətdə tədqiqatları genişləndirmək, pedaqoji kadrların psixoloji hazırlığını yüksəltmək, təhsil prosesində psixoloji tövsiyələrdən istifadə etmək işində təcrübə mübadiləsi həyata keçirmək lazımdır.

Deməli, müəllim (öyrədən) və təhsil (məhsul) sözlərində qanunauyğunluq olmalıdır. Yəni, müəllim yetişdirdiyi məhsula görə mükafatlandırılmalıdır.   Beləliklə, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan və pedaqoji staj 3 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 350 manatdan 385 manata, pedaqoji staj 3 ildən 8 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 375 manatdan 413 manata, pedaqoji staj 8 ildən 13 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 395 manatdan 435 manata, pedaqoji staj 13 ildən 18 ilə qədər olan ali təhsilli müəllimlərin maaşı 420 manatdan 462 manata, pedaqoji staj 18 ildən çox olan ali təhsilli müəllimlərin maaşı 450 manatdan 495 manata qaldırılıb. (Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minib).

Müəllimin maaşı daxil olmaqla əhalinin sosial müdafiəsi və minimum əmək haqqı ölkənin iqtisadi vəziyyətinə görə təyin edilir. Son 10 ildə 2000 mindən çox məktəb binası tikilib istifadəyə verilib. Müasir tipli tədris avadanlığı ilə təchiz olunub. Hal-hazırda təhsil üçün hər bir şərait var. Sadəcə kasıblığı aradan qaldırmaq üçün təhsilin keyfiyyətini gücləndirməliyik! 

Elm dərk olunmuş həqiqətlər sistemidir. Elmin məqsədi həqiqəti axtarmaqdır. Elmin məqsədi dünyanı və bizim özümüzü dərk etməkdir. Fərziyyə və nəzəriyyələrin köməyi ilə qarma-qarışıq faktları müəyyən etmək. İnsan bütün böyük ümidlərini elmə bağlayır, qarşısına çıxan çətinliklərdən xilas yolunu elmdə axtarır. Elm yalnız o zaman bəşəriyyəti həqiqətən xoşbəxtliyə aparar ki, onun ön cəbhəsi etibarlı əllərdə olsun.


Elçin Eyvazalı

10.10.2018 10:55 / Baxılıb: 955 / Çap
 
    Bu bölmədə
    2.10.2018
    Bizim yollar...
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo