İlham Əliyev: Azərbaycanda möhkəmlənən sabitliyin təməlində xalqın dəstəklədiyi siyasət dayanır

Adəm Abbaslı/AZADİNFORM. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyev 2018-ci ilin 9 ayının yekunlarının uğurlu olduğunu, ilin əvvəlindən qarşıya qoyulan vəzifələrin icra edildiyini deyib.

Azadinform xəbər verir ki, ölkə başçısı bu müddətdə ölkədə dinamik inkişafın təmin olunduğunu vurğulayıb.

Bildirib ki, Azərbaycanda sabitlik qorunur, möhkəmlənir və bu sabitliyin təməlində xalq tərəfindən dəstəklənən siyasət dayanır. Ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını, qonşularla, həmçinin İslam ölkələri ilə əlaqələrin daha da genişləndiyini deyən Prezident İlham Əliyev Xəzər dənizinin hüququ statusuna dair Konvensiyanın əhəmiyyətini vurğulayıb. Bu sənəddə Azərbaycanın milli maraqlarının tam təsbit olunduğunu diqqətə çatdırıb. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədində və NATO-nun zirvə görüşünün sonunda qəbul edilən bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğunu deyən dövlət başçısı Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin mövqelərini daha da gücləndirdiyini vurğulayıb. Münaqişə ilə bağlı Azərbaycanın bundan sonra da prinsipial mövqedə qalacağını diqqətə çatdırıb.

Prezident İlham Əliyev ölkəmizin hərbi qüdrətinin artırmaqda davam etdiyini, bunu il ərzində Bakıda keçirilən hərbi paradların da göstərdiyini deyib.

Azərbaycanın iqtisadi uğurlarından danışarkən dövlət başçısı qeyd edib ki, bu sahədə islahatların dərinləşdirilməsi sayəsində önəmli addımlar atılıb. Bu il Cənub Qaz Dəhlizi açılıb, TANAP layihəsinin icrası başa çatıb. TAP layihəsinin icrasında da heç bir problem yoxdur. Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə regionda icra olunan layihələrdən danışarkən ölkəmizin bütün prinsipial məsələlərlə bağlı öz mövqeyinin olduğunu da diqqətə çatdırıb.

Prezident İlham Əliyev yekun nitqində bildirib ki, gələn ilin büdcəsi investisiya və sosial yönümlü olacaq. İqtisadi sahədə, xüsusilə də vergi və gömrük sahəsində islahatlar davam etdiriləcək. Qeyri neft sektorunun inkişafı, bu yaxınlarda orbitə buraxılan Azerspace-2 peykinin imkanlarından səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafının diqqət mərkəzində saxlanılması, iri fermer təsərrüfatlarının, aqroparkların və sənaye parklarının yaradılması ilə bağlı tapşırıqlarını verən dövlət başçısı bir sıra kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı görülən işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb. Sosial təminat sahəsində şəffaflığın təmin olunduğunu, şəhid ailələrinin, müharibə əlillərinin və məcburi köçkünlərin yeni mənzillərlə və avtomobillərlə təmin edildiyini deyən Prezident İlham Əliyev əhalinin elektrik enerjisi ilə təminatı, yeni yolların çəkilməsi, içməli su layihələrinin icrası, meliorativ işlərin görülməsi ilə bağlı tədbirlərin həyata keçirildiyini, yeni təhsil və səhiyyə müəssisələrinin inşa olunduğunu, paytaxtda qanunsuz tikililərin qarşısının alındığını və şəhər nəqliyyatının təkmilləşdirildiyini diqqətə çatdırıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı IV Dövlət Proqramının hazırlandığını deyən dövlət başçısı burda görüləcək işlərlə bağlı konkret vəzifələrin əks olunduğunu bildirib.

9.10.2018 15:45 / Baxılıb: 1102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo