Bu memorandumu ilkin işıq kimi qiymətləndirmək olar

Şəfa Tapdıq/AZADİNFORM. “Ermənistanın baş naziri Nikol Paşinyanla parlamentdə ikinci böyük fraksiya olan “Çiçəklənən Ermənistan” partiyası lideri Qaqik Tsarukyan arasında dekabrda növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı memorandum imzalanıb. Amma bu, hələlik həlledici amil deyil”.

Bu sözləri Azadinform-a açıqlamasında politoloq Natiq Miri deyib.

Bildirib ki, Tsarukyanın fraksiyası ikinci böyük fraksiya olduğuna görə say etibarı ilə yetərli deyil: “Tsarukyanın Paşinyan hökumətinə qarşı müxalifətə keçdiyi deyilirdi. Bu memorandumun imzalanması göstərir ki, Tsarukyan ilə Paşinyan arasında müəyyən bazarlıq predmeti olub. Düşünürəm ki, indiki dalan vəziyyətdə Paşinyanın iki çıxış yolu var idi. O, ya parlamentdə çoxluq təşkil edən müxaliflərlə ciddi müzakirələrə gedərək bazarlıq etməli, ya da baş nazir postundan istefa verərək əhalini yenidən küçələrə tökməklə parlamenti mühasirəyə alıb işini iflic edərək parlamenti özünü buraxmağa məcbur etməli idi. Belə görünür, hələ ki, birinci yol aktualdır. Memorandumun imzalanması göstərir ki, bazarlıq predmetləri aktual olaraq qalmaqdadır. Keçmiş prezidentin partiyası olan respublikaçılarla da danışıqlar aparıla bilər. Çünki parlament sülh yolu ilə buraxılmasa və ya növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı razılıq əldə olunmasa, Ermənistan üçün arzuolunmaz nəticələr ola bilər. Ermənistanda siyasi qətllər də baş verir. Bu isə Paşinyan hökumətinə təzyiq xarakteri daşıyır”.

Politoloq qeyd edib ki, proses bu yöndə gedərsə, Ermənistanda idarəolunmaz vəziyyət yarana bilər: “Bu isə Ermənistana xarici hərbi müdaxilə üçün zəmin yarada bilər. Məncə, Paşinyan bu təhlükəli tendensiyanın qarşısını almaq üçün digər müxalif deputatlarla da ciddi müzakirələr aparacaq. Bəlkə də, müəyyən güzəştlərə getmək məcburiyyətində qalacaq. Paşinyanın o qədər də seçim imkanları yoxdur. Hələlik, memorandum danışıqların aktual olduğunu göstərir”.

N. Miri nəzərə çatdırıb ki, Paşinyan hələ ki, istədiyinə tam çatmayıb: “Tsarukyanın partiyası ilə memorandum imzalansa da, onlar parlamentdə çoxluq təşkil etmirlər. Parlamentdə çoxluq təşkil edənlər respublikaçılardır. Paşinyan digər partiyalarla da razılıq əldə etməlidir. Bu memorandumu sadəcə, ilkin işıq kimi qiymətləndirmək olar. O, yetərli deyil. Razılıq əldə olunmasa, ola bilsin, Paşinyan yenidən küçə etirazlarına müraciət etmək məcburiyyətində qalsın”.

9.10.2018 12:45 / Baxılıb: 346 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo