Ehtiram Safquliyev: Öyrətmək ən ülvi duyğulardan biridir

Azərbaycanda Müəllimlər Günü qeyd olundu. Onları bir günə sığdırmaq nə dərəcədə düzgündür, bilmirəm amma bayramınız mübarək olsun, əziz öyrədənlər. “Mənə bir hərf öyrədənin qırx il köləsi olaram” deyirdi Həzrət Əli. Bizim sizə nə qədər borcumuz var, görəsən? Yolumuzda qırışan əllərinizdən öpür, bir gün yox hər gün sizinlə, deyirəm. Təhsil aldığım Şəmkir rayon Sabirkənd məktəbi başda olmaqla müstəqil Azərbaycanın bütün müəllimlərini gənc, yenilikçi, son günlərin fenomen müəllimi Ehtiram Safquliyevin timsalında təbrik edir, söhbətimizlə salamlayıram.

 

- Ehtiram Safquliyev kimdir? Müəllimmi, övladmı, vətəndaşmı? Ən çox hansında özünü rahat hiss edir? 


- Ehtiram Safquliyev valideynləri üçün övlad, Azərbaycan üçün vətəndaş, cəmiyyətimiz üçün isə bir müəllimdir. Bunlar bir-biri ilə bağlı anlayışlardır. Əsas olan hər bir obrazda ona layiq olmaq, haqqı ilə doğrultmaqdır. Bu çox əziyyətli və çətin olsa belə. Etiraf edirəm ki, övlad kimi özümü daha rahat və  sərbəst hiss edirəm. Qayğılarım azalır, çətinlik və problemlər daha asan gəlir. Başqa obrazlarda olmayan bir hüzur hiss edirsən. Digər hallarda bəzi qaydalara uyğunlaşmaq məcburiyyətindəsən.


- Sizin ad-soyad bir az fərqlidir. Bir səbəbi varmı? Deyilənə görə ad insanın həyatdakı rolunda mühüm rol oynayır. 


- Ad, soyadımla bağlı bir çox insanlar maraqlanıb. Sizin kimi onlar da fərqli olduğunu deyiblər. Ehtiram sözü ərəb mənşəli sözdür. Mənası “hörmət“ deməkdir. Mən də hər zaman adıma uyğun davranmağa çalışıram. İnşallah  ki, buna nail oluram. Başqa insanların ehtiramını qazanmaq, məncə ən böyük xoşbəxtlik olardı. Burda xüsusilə şagirdlər də varsa, bu daha böyük xoşbəxtlikdir. Soyadımı da valideynlərimdən öyrəndiyimə əsasən deyə bilərəm, vaxtilə nəslimizdə Safqulu adında ulu babamız olub. Ondan gəldiyini deyirlər.

 

- Harda doğulmusunuz, uşaqlığınız, ailəniz... 

                                                                                               

- 1993-cü il noyabr ayının 3-də Zaqatala rayonu Muğanlı kəndində anadan olmuşam. 2001-ci ildə Muğanlı kənd tam orta məktəbinə daxil olmuşam. 2011-ci ildə orta məktəbi başa vurmuşam. Elə həmin il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasına qəbul olmuşam. 2017-ci ilin avqust ayından Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbində müəllim kimi çalışıram. Təxminən bir ildir ki, bu məktəbin coğrafiya müəllimiyəm. Uşaqlığım Muğanlı kəndində keçib. Hər zaman sakit  biri olmuşam. Valideynlərimin dediyinə görə onlara da çox əziyyət verməmişəm. Orta məktəbdə sinif yoldaşlarımın demək olar, hamısının müxtəlif vaxtlarda qolu sınıb, ayağı çıxıb. Məndə belə hallar heç vaxt olmayıb. 


- Mən də kəndliyəm. Gözəlliklərini də, çətinliklərini də yaxşı bilirəm. Təhsil oraların yeganə çıxış yoludur. Siz necə düşünürsünüz? 


- İnkişaf etmək, gələcək qurmaq, dünyagörüşünün formalaşması baxımından kənd insanlarının da təhsil alması mütləqdir, vacibdir. Təhsil almaq dəb halını almalıdır. Təhsilsiz insanlar kimlərinsə təsir dairəsinə düşə bilər, onlardan  qul kimi istifadə edə bilərlər. Bu baxımdan biz müəllimlərin də üzərinə böyük yük düşür, insanları bataqlıqdan çıxarmaq üçün onlara təhsil vermək lazımdır.

 

- Çətindimi? Müəllim olmaq...


- Bu işin asan tərəfi yoxdur. Bu dünyada ən çətin işlərdən biri insanla  işləməkdir. Müəllim də uşaqlarla işləyir. Təkcə onların təhsili ilə deyil, tərbiyəsi ilə, həyata hazırlığı ilə məşğul olur. Müəllim bir nümunədir, bir  dayaqdır, bir istinadgahdır. Onun səhv etməyə ixtiyarı yoxdur. Təlim  prosesində səhvə yol verməməlidir. Əgər səhv edərsə bu şagirdin  psixikasında sarsılmaz iz qoya bilər, onu şəxsiyyət kimi yetişdirə bilməz.


- Vətəndaş olmaq necə? 


- Məmməd Arazın dediyi kimi: “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”. Bu ölkənin layiqli vətəndaşı olmaq üçün onun dərdini çəkməliyik, onun problemlərini həll etmək üçün çalışmalıyıq. Onun üçün ürəyimiz sızlamalıdır. Baş verən hadisələrə reaksiyamız olmalıdır. Gördüyünüz kimi, vətəndaş olmaq da asan bir iş deyilmiş.


- Sevgi. Vətənə, mənsub olduğun xalqa, torpağa... bu, sizdə çox gözəl hiss olunur. Əməlinizdə əks olunub. Sizi buna görə incidən varmı? İncidən, qınayan, mane olan…


- İncidən yox, amma qınayanlar olur. “Lazım deyil, özünü yorma, yola ver“ və bu kimi fikirlər eşidirəm, hərdən. Onlara fikir verməyib, öz yolumuza davam edirik. Mən əminəm, digər gənc müəllimlər də belədir.

 

- Sovet fikirli adamlarla aranız necədir?


- Onlara hörmətimiz sonsuzdur. Öz dövrlərinə aid danışdıqları fikirlərə hər zaman maraqla qulaq asıram. Amma həyatıma tətbiq etmirəm. İnkişaf etmək üçün yeni və müasir fikirlərə, ideyalara bağlanmaq lazımdır deyə düşünürəm


- Öyrətmək duyğusu. Necədir? Nə hiss edirsiniz? Bu duyğunun qarşılığı varmı?


- Öyrətmək ən ülvi duyğulardan biridir. Sevinirsən ki, kiməsə nə isə öyrətdin. Sevinirsən ki, kimsə səndən nə isə öyrənmək üçün sıraya durub. Bu çox gözəl hissdir, qarşılığı yoxdur. Öyrətdiyi üçün şagirdindən nə isə gözləyən müəllim, həqiqi müəllim deyil.


- Şagirdlərinizdən aldığınız enerji, güc ya da əksinə. Onlar sizə nə ötürür?


- Düşünürəm ki, şagirdlərim məni daha məsuliyyətli, daha təcrübəli edir. Onların qarşısına çıxmaq üçün daim hazırlaşıram, müxtəlif mənbələrdə axtarışda oluram. Bu, mənim özümün də inkişaf etməyim deməkdir. İnanıram ki, mən də şagirdlərimə müsbət enerji ötürürəm, onlarda hərəkətlilik, ruh yüksəkliyi yaradıram.


- Kitabxananız varmı? Ya da hansı kitablara ehtiyacınız var?


- Kitabxanam yoxdur. Amma yaxın gələcəkdə mütləq olacaq. Bir müəllimin mütləq kiçik kitabxanası olmalıdır. Bədii əsərlərə az yer ayırıram. Daha çox öz sahəmlə bağlı elmi kitablar oxuyuram. Buna çox həvəsliyəm çünki. Kitabla bağlı elə bir çətinliyim yoxdur, ehtiyacım olduqda dostlarımın köməyi ilə, eyni zamanda internetdən tapmağa çalışıram.


- Şagirdlərin ən çox nəyə ehtiyacı var?


- Şagirdlərimiz dərslik, ləvazimat və.s kimi elə bir ehtiyacları yoxdur.  Bunlarla yaxşı-pis təmin olunublar. Onların daha çox diqqət, qayğı və düzgün istiqamətlənməyə ehtiyacı vardır. Valideynlərlə birlikdə bunu bacarsaq böyük  işlər görmüş olarıq.


- Çəkdiyiniz videoda təqdim elədiyiniz fərqli dərs fikri sizi bütün ölkəyə tanıtdı. Haradan ağlınıza gəldi? 


- Mən özüm də hər zaman dərs keçdiyimiz dönəmdə bu cür vəziyyətin  olmasını istəmişəm. Amma bizim zamanımızda olmayıb. İndi isə özüm  müəlliməm və istəyirəm ki, mən yaşamadıqlarımı şagirdlərim yaşasın. Qoy onların dərsləri, dolu-dolu və yüksək əhval-ruhiyyədə keçsin. Bu fikirlər məni  fərqli dərslər keçməyə vadar etdi.


- Nədən danışmadıq? 


- Məktəbimizin ümumi vəziyyətini xüsusi vurğulamaq istərdim. Düzdür, dəfələrlə təmir olunub, ətrafı abadlaşdırılıb, amma bəs eləmir, yenidən  qurulmasına ehtiyac var. Yardımçı bina və qurğuların da vəziyyəti ürəkaçan deyil. Bu məsələyə yaxın illərdə nazirliyin baxacağına ümid edirik.


- Müəllimlərin günü bir gündümü, hər günmü?


- Müəllimlər bizim, hər birimizin mayakıdır. Onlara hər zaman ehtiyacımız var. Onların günü hər gündür.


Nigar İsfəndiyar

8.10.2018 13:53 / Baxılıb: 452 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo