Müslüm Maqomayev haqqında bədii filmin çəkilişlərinə başlanılıb

Bakıda dünya şöhrətli müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayev haqqında "Maqomayev" adlı səkkiz seriyalı bədii filmin çəkilişləri başlayıb.

Filmdə Müslüm Maqomayev obrazını 30 yaşlı aktyor Miloş Bikoviç canlandırır.

Rejissor Oleq Əsədulinin ("Korporativ", "Bağlı məktəb") rəhbərlik etdiyi bir qrup ekipaj bir həftə əvvəl Bakıya gəlib.

Məlumata görə, çəkiliş oktyabr ayının sonuna qədər davam edəcək.

Qeyd edək ki, Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. 14 yaşında Bakıda dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilən VIII Ümumdünya festivalına yollanan müğənni oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqaləni dərc edib.

M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçib.

O, 31 yaşında SSRİ xalq artisti fəxri adına layiq görülüb. Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var.

M.Maqomayev 2008-ci ildə 66 yaşında Rusiya paytaxtı Moskvada vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub. (report)

5.10.2018 20:54 / Baxılıb: 193 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo