Yollarda qorxunc vəziyyət Uşaqlarda aqressiya yaradan BAĞIRTI və QAN

Ləman Hüseynzadə / AZADİNFORM. Paytaxtda bir az piyada gəzmək kifayət edir ki, yolboyu düzülmüş qəssabxanaların yaratdığı qorxunc mənzərələri izləyəsən. Həmin yerlərdən keçən həm uşaq, həm də böyüklər belə mənzərələrin xoş olmayan təəssüratı ilə qarşılaşırlar.

Xüsusən heyvanların səhər saatlarında daha çox kəsildiyini nəzərə alsaq, bu mənzərənin ordan keçən məktəblilərdə hansı hisslərin yaratdığını təsəvvür etmək heç də çətin deyil. Eyni zamanda, kəsilən heyvanın içalatı ətrafa səpələndiyi üçün əraziyə küçə itləri dadanır. Bu isə uşaqların çox olduğu ərazidə ciddi təhlükə deməkdir.

Məsələ ilə bağlı Azadinform-un suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ölkədə heyvanların açıq şəkildə kəsilməsinin səbəbini onunla izah etdi ki, istehlakçılar buna tələbat yaradır: 70 il Sovet hökuməti Kubinkadan xarici mal satışının qarşısını ala bilmədi. Çünki tələb var idi. İstehlakçılar da ona görə buna tələbat yaradır ki, gözləri ilə gördükləri malı almaq istəyirlər. Ətin inək-dana əti olduğunu, diri heyvan, murdar ət olmadığını bilmək istəyirlər. İstehlakçılar baytarlara və bazarlara nəzarət edən qurumlara inanmadıqları üçün digər mağazalarda satılan ətlərə üstünlük vermirlər. İstehlakçı səhər bazara gedəndə görür ki, yüzlərlə cəmdəyin üzərində baytar möhürü var. Guya baytarlar səhərə kimi yatmayıblar qara yaranı, bürslyozu müayinə ediblər. Hətta, istehlakçılar arasında belə bir fikir yaranıb ki, təzə kəsilmiş qoyunu soyanda belə, altdan baytar möhürü çıxır. Bu baytar möhürləri elə qəssabların özündə var.

Sədr qeyd edib ki, dəfələrlə inzibati yolla belə halların qarşısının alınması üçün iş aparıblar: Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bunu etməyi qarşısına məqsəd qoyub. Lakin istehlakçıların inamını qazana bilməyənə qədər bunu edə bilməyəcəklər, bu mümkün deyil. Ona görə də dövlət orqanı mütləq üzünü istehlakçılara doğru yönəltməlidir ki, insanlar başqa ölkələrdə olduğu kimi marketlərə üz tutsunlar. Bunun üçün AQTA ictimaiyyət, istehlakçı təşkilatlar və KİV-lə ciddi iş aparmalıdır. Lakin çox təəssüflər olsun ki, qurum sadaladıqlarımla iş aparmır. Həmin orqana dəfələrlə təkliflər vermişik, amma ümumiyyətlə heç bir cavab vermirlər. Əməkdaşlıq etmək istəsək də nəticəsi olmayıb. Bu anormal bir haldır. Bu yaxınlarda elə AQTA özü elan etdi ki, Ukraynadan Azərbaycana gətirilən ət əslində at əti imiş. Keçən il Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi çıxışında at, eşşək və it ətini də satmaq olar demişdi. Amma bu şərtlə ki, üstünə düzgün yazılsın. Bəli, heç bir qanunla qadağan olunmur, lakin xalqı aldatmasınlar. Azərbaycan üçün ənənəvi olmayan heyvan ətləri ölkədə satılmamalıdır, əhali bunu yeməməlidir.

Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, ölkəmizdə qəssabxanalar hədsiz dərəcədə diqqət verilməyən və çox dəhşətli bir məsələdir: Bu məkanların çirkli, üfunət guşəsi olmağı hələ öz yerində qalsın. Dəhşətli proseslər gedən qəssabxanaları elə yerlərdə qururlar ki, istər uşaqlar, istər böyüklər, hətta, yaşlı adamlar da ordan keçəndə sadəcə dəhşətə gəlirlər. Yaşadığım əraziyə yaxın olan 20 nömrəli orta məktəbin yanında böyük bir qəssabxana qurublar. Heyvanı gətirirlər, bağırda-bağırda kəsirlər. O heyvan kəsiləndə uşaqların necə titrədiyinin şahidi olmuşam. Belə məkanlar məktəb binasına yaxın yaxud məktəb yolunun üstündə yerləşəndə şagirdlər hər səhər həmin mənzərəyə baxa-baxa keçib gedirlər və bu, çox faciəli məsələdir. Elə misal gətirdiyim məktəbin ərazisindəki qəssabxananı bağlatdırmaq üçün sakinlər dəfələrlə yığışsa da, ləğv etdirə bilmirlər. Öz mənafeyi naminə işlərini davam etdirirlər. Bu məsələ olduqca aktualdır. Çünki təkcə məktəblərin yanında yox, məktəblilərin gəldiyi yolboyu nə qədər belə yerlər var. Bu da qorxuncdur ona görə ki, həm uşaqlarda, həm də böyüklərdə həyəcan hissini yaradır.

Sosioloq əlavə edib ki, digər tərəfdən bir heyvanı kəsəndə 10-15 qoyun da ona baxır və kəsilən heyvana həmin vaxt baxanda onların gözlərinin içində nə qədər qorxu, kədər olur: Tibb aləmində isə belə bir şey var ki, heyvanlar bu cür həyəcanla baxdıqda onların genlərinə çox neqativ, qorxulu maddələr yüklənir və toxumalarda həmin maddələr əmələ gəlir. İnsanlar da həmin əti yedikdə o toxumalardan insanlara keçir, nəticədə onlarda qəzəb hissi yaranır. Bu mənzərələrə baxan xarici ölkə vətəndaşları da Azərbaycan haqqında çox dəhşətli fikrə gəlirlər.

Problemin uşaqlarda yaratdığı psixoloji fəsadları ilə bağlı danışan psixoloq Gülnarə Əliyeva bildirib ki, yol kənarlarında kəsilən heyvanların uşaqlar tərəfindən izlənilməsi onların psixologiyasında travma yarada bilər: Lakin bu yaş qruplarına və həmin uşaqların yaşadığı ərazilərə görə fərqlilik təşkil edir. Dağ yerlərində, kəndlərdə bir növ uşaqlar buna öyrəşib. Daim uşaqlara heyvanlara qarşı mərhəmətli olmalarını, necə qorumaq lazım olduğunu aşılayırıq. Bu danışıqlardan sonra ani anda uşaq hər hansı bir heyvanın insan tərəfindən necə şiddətə məruz qalmasını görür. Nəticədə təəccüblənir və bütün bildikləri alt-üst olur. Məktəbə gedəcək yaşda olan uşaq belə mənzərəni izlədikdə sanki bir filmə baxırmış kimi hiss edir. 8-9 yaşlı uşaqda isə bu proses aqressiyaya səbəb olur. Uşaq ətrafındakı insanlara qarşı aqressiv hərəkətlər sərgiliyə, yaxud depressiyaya düşə bilər. Heyvan kəsiminə şahid olan uşaqlar insanlara qarşı artıq inamsız davranır, onlardan qorxur, çəkinir. Təsəvvür edin ki, bir uşağın gözünün qarşısında heyvanı çarəsiz vəziyyətdə qoyursan, əlini-ayağını, gözünü bağlayırsan və ona işgəncə verərək tələf edirsən. Hətta, onun çıxardığı səslər, o görüntü də uşaqların yuxusuna girə bilər. Eyni zamanda, uşaq ətdən imtina edər, bütün heyvanlardan qorxub qaça bilər. Öz həyətindəki heyvana qarşı eyni şiddəti tətbiq edə bilər, kəsməyə can atar. Əgər uşaqlarda bu sadalanan hallar görülürsə mütləq psixoloqa müraciət etmək lazımdır. Çünki bu travmalar irəli yaşlarda da özünü göstərəcəkdir.

Qeyd edək ki, mövzu ilə əlaqədar olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mansur Piriyevlə əlaqə saxladıq. Qurumun sözçüsü elektron ünvanlarına sorğu göndərdikdən sonra yazılı məlumat göndərəcəklərini bildirdi. Sorğuya hələlik cavab verilməyib.

5.10.2018 15:15 / Baxılıb: 1187 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo