Bizim yollar...

Həyatımın ilk xarici səfəri idi ki, Ankara avtobuslarının birində “Əsrin məzarlığı”na ziyarətə gedirdim. Mən hələ onda bilmirdim, Türkiyədə avtobusların ön tərəfində oturmağın nə qədər narahatlıq yaratdığını. Təsəvvür edin, ən axırdan üzübəri hamı yolpulunu bir birinə uzadır, “buyur, evladım, bir emekli burdan”, “bir öğrenci burdan”, “iki yolcu burdan...” Elə ordan - burdan deyə-deyə, Ankara ilk gündə mənə ucuz nəqliyyatın komfortlu olmayacağını başa salmışdı. Düz iki gün beynimdə yol pullarını hesablamışdım. Hə, bir də ayağa qalxıb yer vermək mədəniyyətimizi böyük bir qürurla orda da sərgiləmişdim, nəticədə uzun marşrutları ayaqüstə getməyin “xeyrini” də görmüşdüm. Tövbə eləmək üçün əla səbəblər vermişdi qardaş ölkənin nəqliyyat vasitələri mənə. Bircə məqamdan başqa. Mən oranın sürücülərindən gördüyüm səbri, mədəniyyəti heç yerdə görmədim. Qanun belə idi çünki. 

Amma... o ilk təcrübənin üstündən illər keçib və yaxşı bilirəm ki, mənim ölkəmdə olan böyüyə kiçiyə hörmət heç bir yerdə yoxdur. Heç kim deyə bilməz ki, metroda, avtobuslarda gənclər ola-ola qadın, yaşlı, uşaq ayaqüstə qalır. Dilim quruyar. Sadəcə içi mən qarışıq o ədəbli vətəndaş dədəsi evində, doqquz qardaşından, beş əmisindən, üç dayısından eşitmədiyi söyüşləri Bakı avtobuslarında nəyi var əzbərləyib. Misal çəkim, siz dünyanın harasında, şəhər avtobuslarında “a eşşəyin balası” sözünə rast gələ bilərsiniz? “Ayə, evdə arvadına güjün çatmıyıf, hirsini maamı tökürsən?” və s.  Konkret olaraq, ikincisi bir mühazirə mövzusudur. Deməli, evdəki psixoloji problemlər sənin sifətində əks olunur və onu avtobusda sürücü bir baxışda anlayır. 30 qəpiyə bundan əla xidmət?! Ən əsası, uzunqulaq kəlməsinin alternativinə “şşşş”lar artıraraq ürəkdən “razqom” götürüb gələn xırıltılı səslə başqa harada eşidə bilərsən?! Vallah heç harada! 

Məsələ təkcə bunlarla bitsə... “Mehriban olun, tez olun, minin, gedək”. Ayıb olacaq, amma, ay qardaş, kim kimi harada və niyə?! Avtobusdur ey bu! Sənin 30 qəpik niyyətinə gördüyün qadınlar hansısa kişinin namusudur. Küçədə biri əlindən tutsa qan tökülər, sən isə bir-birinə pərçimləyirsən. Niyə? Nə məcbur olub? 

Allah razı olsun, Bakı Nəqliyyat Agentliyindən. Çox şükür, büdcədən maliyyə ayrıldı, ölkəmizə bütün bu məsələləri kökündən həll edəcək yeni avtobuslar, kart sistemi gətirildi. Deyir sən saydığını say, o əmma burda da bizi rahat qoymadı. Hər dayanacaqda qurulan kart yükləmə aparatları üzümüzə şinəyib işləməz oldu. Birində kart ala bilmədin, o birində qəpik yükləyəmmədin. Cəhənnəm eləyib, üstündə iki üç kart gəzdirdin ki, bərayi ehtiyat evinə gedib çıxa biləsən. Pulun əlində dayanacaqdakılara yetim-yetim baxmayasan. Arada bir yenicə qurulanları külək aparsa da həlli çətin olan məsələ deyil bunlar. Hə, desən ki, o sərin mehə dözməyən dayanacaqda qarda çovğunda necə daldalanacağam, onu da get sən soruş. Vətəndaş deyilsən? Nə cavab versələr mənə də denən. 

Sağ olmuşlar sürücüləri də qəşəngcə geyindirib qoydular pərdənin arxasına, sərnişinlərlə üz-göz olmaq söhbəti də öldü. Çox şükür. 

Bütün bunlar dözüləsi, səbir ediləsidir. Ta ki, dünən baş verən qəzada ortaya çıxan “içmişəm çaxır, gözlərim axır” olmayaydı. Bilirəm ey, bizə dözmək üçün arada “vurmaq” lazımdı, amma başına dönüm, hallanmağa yer tapmadınmı? Ay bu adamı işə götürən, səndəmi kefliydin?! Nə gözünü bağladı ki, onlarla insanın həyatını əyyaşın, tiryəkçinin birinə qurban elədin?! Orda ölən sənin balan olsaydı nə olacaqdı?! Lələni burda ağlamaq tutur. Hərə öz dörd divarının içini qeyrətdən sayır. Millətinin namusunu öz namusu bilməyən, vətəndaşının təəssübünü çəkməyən, sağlamlığını, rifahını öz rahatlığından üstün tutmayan biriləri var olduqca biz ölməyə davam edəcəyik, adamlar, gözünüzü dörd açın! Belə halları şikayət edin, dilə gətirin! Ölümün qarşısını almaq üçün əlinizdən gələni eləyin. Nə olar?!.

Deyiləsi o qədər söz var, amma kar edənə!  

Ruhun şad, məkanın Cənnət olsun, balaca. Sən bizi bağışlama! Əsir düşən, təcavüzə uğrayan, şəhid olan yüzlərlə, minlərlə həmyaşıdın kimi sən də keçmə günahımızdan! Çünki sizin qatiliniz bizik! Başımıza gələn hər şeyə səssiz qalmağı seçən biz!  


Nigar İSFƏNDİYAR

2.10.2018 13:55 / Baxılıb: 424 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo