Avropa İnvestisiya Bankının işçi missiyası Azərbaycana gələcək

AZADİNFORM. Avropa İnvestisiya Bankı Azərbaycanda avtomobil və dəmir yollarının inşası və yenidən qurulmasına maliyyə dəstəyi göstərə bilər.

İqtisadiyyat Nazirliyindən Azadinform-a verilən məlumata görə, sentyabrın 25-də iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudak ilə görüşüb. Nazir Şahin Mustafayev Azərbaycanın beynəlxalq maliyyə və iqtisadi qurumlarla, o cümlədən Avropa İnvestisiya Bankı ilə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunub ki, 2013-cü ildə Azərbaycan ilə Avropa İnvestisiya Bankı arasında Çərçivə Sazişi imzalanıb. Bank TANAP və TAP layihələrinin maliyyələşdirilməsində iştirak edib, özəl sektorla əməkdaşlıq çərçivəsində Azərbaycan banklarına kredit ayırıb. Azərbaycanda qeyri-neft sektorunun inkişafının və diversifikasiyasının prioritet olduğunu vurğulayan nazir Şahin Mustafayev kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə müsbət artım dinamikasının müşahidə edildiyini, ölkənin strateji valyuta ehtiyatlarının artdığını diqqətə çatdırıb. Qeyri-neft sektorunun müxtəlif sahələri üzrə AİB-lə əməkdaşlıq istiqamətlərinə dair fikirlərini bölüşən iqtisadiyyat naziri ölkədə yaradılmış sənaye parklarında rezidentlər üçün əlverişli şəraitin yaradıldığını və bir sıra güzəştlərin nəzərdə tutulduğunu qeyd edib, sənaye parklarında fəaliyyət göstərən rezidentlərin kreditləşməsi istiqamətində Bankla əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığa güzəştli kreditlərlə dəstək olduğunu bildirən nazir Şahin Mustafayev fondun AİB-lə əməkdaşlıq edə biləcəyini deyib. Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını qeyd edən nazir Şahin Mustafayev bu sahədə bankla əməkdaşlığın nəzərdən keçirilməsinin mümkünlüyünü bildirib. Bundan başqa, özəl sektorun layihələrinin birbaşa maliyyələşdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, alternativ enerji, tullantıların idarəedilməsi, Abşeron göllərinin bərpası sahəsində də bankla əməkdaşlıq edilə bilər.

Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak ölkəmizə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti ilə görüşünü yüksək qiymətləndirərək, görüşdə səmərəli danışıqların aparıldığını vurğulayıb. Vazil Hudak bildirib ki, AİB maliyyə dəstəyi ilə yanaşı, ekspertiza, texniki və məsləhət xidmətləri də göstərir. İnfrastrukturun yaradılması və bərpası sahəsində bankın geniş təcrübəsinin olduğunu xatırladan Avropa İnvestisiya Bankının vitse-prezidenti Azərbaycanda avtomobil və dəmir yollarının inşası və yenidən qurulmasına bankın maliyyə dəstəyi göstərə biləcəyini qeyd edib. Bank rəsmisi alternativ enerji, ekologiya, göllərin təmizlənməsi, özəl sektora, xüsusilə də kiçik və orta biznesə dəstək sahəsində də əməkdaşlığın mümkünlüyünü, bu istiqamətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Vazil Hudak bu ilin oktyabrında AİB-in işçi missiyasının ölkəmizə səfər edəcəyini də bildirib.

25.09.2018 21:48 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo