ADEX-2018 sərgisində Azərbaycan hərbi gücünü nümayiş etdirir

“ADEX-2018” Beynəlxalq Müdafiə sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü nümayiş etdirmək baxımından mühüm tədbirdir”. 

Bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib. E.Nəsirov qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar forumlar, mədəniyyətlərarası dialoqlar və digər mühüm tədbirlərlə yanaşı, hərbi sahədə də əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edir: "Bu gün paytaxtda açılan “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisinə dünyada maraq artmaqdadır. Sərgidə iştirak edən şirkətlərin sayının hər il artması bunun təsdiqi kimi qiymətləndirilə bilər". 

Millət vəkili bildirib ki, Azərbaycanın hərbi-sənaye kompleksi sürətlə inkişaf etməkdədir: “Ölkəmizdə 1200 adda hərbi məhsullar istehsal olunur. Bu məhsullar həm də xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilir. “ADEX-2018” sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü, hərbi təyinatlı məhsullarını nümayiş etdirmək baxımından da olduqca mühüm tədbirdir. Məhz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda hərbi quruculuq, ordumuzun gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzindədir”. 

Onun sözlərinə görə, təsadüfi deyil ki, 2018-ci ilin dövlət büdcəsində də müdafiə xərcləri birinci yerdədir və bu da təxminən 2,7 milyard manat edir: “Bu sərgi bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycanın güclü iqtisadiyyatı var, güclü hərbi-sənaye kompleksi formalaşmaqdadır və Azərbaycan təkcə hərbi məhsullar istehsal etmir, həm də onun perspektivli ixracatçısına çevrilib”.

25.09.2018 18:48 / Baxılıb: 125 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo