Rusiyanın Qafqaz ölkələri arasında ən intensiv əməkdaşlıq etdiyi ölkə Azərbaycandır

Şəfa Tapdıq/AZADİNFORM. “Rusiya prezidentinin ölkəmizə səfəri çox önəmlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Rusiya prezidentləri sentyabrın 1-də Soçidə görüşmüşdülər və həmin görüş zamanı 15-dən çox sənədə imza atılmışdı”.

Bu fikirləri Azadinform-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, həmin görüşdən 3 həftə sonra Putinin Bakıya gəlməsi o deməkdir ki, münasibətlər ciddi mərhələyə qədəm qoyub: “Əks təqdirdə, Bakıya Putin şəxsən özü gəlməzdi, məsələn, bir qrup nazir göndərə bilərdi. Putinin Bakıya bir neçə günlük gəlməsi ciddi məsələlərdən xəbər verir. Səfər çərçivəsində hərbi-texniki məsələlərlə bağlı sənədlərə imza atılacağı da istisna edilmir. Soçidə bir sıra sənədlərə imza atılsa da, onlar arasında hərbi-texniki əməkdaşlıqla bağlı sənəd yox idi. Səfər əsnasında Rusiya subyektlərinin icra hakimiyyətləri başçıları da Bakıya gələcəklər. Qeyd etmək lazımdır ki, Bakı son illər Rusiyanın ayrı-ayrı regionları ilə də əməkdaşlığı gücləndirməkdədir. Bütün bunlar göstərir ki, Rusiyanın Qafqaz ölkələri arasında ən intensiv əməkdaşlıq etdiyi ölkə Azərbaycandır”.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin prioritet mövzu olacağına əmindir: “Məlumdur ki, son zamanlar Ermənistan baş naziri Paşinyan münaqişənin həlli ilə bağlı gedişata zərbə vuracaq sərsəm bəyanatlar səsləndirir. Bu isə münaqişənin daha da alovlanmasına gətirib çıxara bilər. Eks prezident Sarkisyanla Putin arasında müəyyən anlaşmalar əldə olunmuşdu. Paşinyanla isə danışıqlara yenidən başlamaq lazımdır. Düşünürəm ki, yaxın vaxtlarda ölkəmiz lehinə ola biləcək nəticələr görə bilərik. Eyni zamanda, ölkəmizin Rusiyanın rəhbərlik etdiyi bəzi təşkilatlarda müşahidəçi olacağını gözləyirəm”.

25.09.2018 17:40 / Baxılıb: 393 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo