İnternet mediası çap mediasını üstələyibmi? Jurnalistlərin yanaşması

Ləman Hüseynzadə / AZADİNFORM. Yeniliklər bizi gələcəyə aparmağa yardımçı olan vasitələrdəndir. Günümüzdə nə yenilik olursa olsun, hər kəs ona uyğunlaşmağa çalışır. Təbii ki, media da yeniliklərə daim açıqdır.

Yeniləşən mediada artıq qəzetlərimiz də onlayn formada fəaliyyət göstərərək özünü yeniliklərə adaptasiya edib. Dövrün tələblərinə cavab verəcək şəkildə həm çap, həm də internet üzərindən fəaliyyət göstərirlər. Bu da məlumdur ki, internet daha əlçatan bir vasitədir və kütləvi şəkildə istənilən xəbərdən xəbərdar ola bilərsən. Amma bir həqiqəti də danmaq olmaz ki, çap mediasının da öz xüsusi auditoriyası, oxucusu var. Bəs görəsən, yeni media sayılan internet mediası ənənəvi media olan çap mediasının fəaliyyətinə təsir göstərirmi? Azadinform mövzu ilə bağlı həm qəzet, həm də internet resurslarda fəaliyyət göstərən jurnalistləri danışdırıb:

 

“Şərq” qəzetinin müxbiri Şəymən Bayramova qeyd edib ki, internet mediası operativlik, çap mediası isə peşəkarlıq baxımından müqayisə olunmaz: “İnternet mediasına rəhbərlik edən şəxslər tərəfindən tez-tez eşidirik ki, qəzet dövrü başa çatıb, artıq internet əsridir. Hətta, bu mövzu daha çox qəzetlərə maliyyə ayrılan zaman gündəmə gəlir. İnternet media operativlik baxımdan çap mediasını üstələyə bilər. Bununla razıyam, zaman onların lehinədir. Amma peşəkarlıq məsələsində internet mediasının durumu çap mediası ilə müqayisəyə gəlməz dərəcədə geri qalır. Bunu qəzet yazarı olduğum üçün demirəm. Bizim qəzetin eyni zamanda, saytı da fəaliyyət göstərir. Bəzən olur ki, hansısa mövzu ilə bağlı operativ mövqe lazım olanda sayt üçün də yazıram. Qəzet yazımla sayt üçün yazdığım informasiyanı müqayisə edəndə arada çox böyük uçurum görürəm. İnternet mediada yazılan yazıların əksəriyyəti belədir. Tez-tələsik xəbəri yerləşdirmək lazım olduğundan təhlilə, araşdırmaya zaman qalmır. İnternet medianın əsas funksiyası informasiya ötürməkdir, amma çap mediası ötürdüyü informasiyanın tərkibində maarifləndirmə funksiyasını da yerinə yetirir. Cəmiyyət üçün daha  faydalı xəbər verir. Qəzetin bir üstünlüyü də çap olunan yazıların tarix rolu oynamasıdır. 100 il sonra bu günü araşdıranlar qəzet materiallarından istifadə edəcəklər. Kiberhücumların bu qədər aktual olduğu bir dövrdə  internet saytlarını, orada toplanan informasiyaları yox etmək an məsələsidir. Amma tirajlanan qəzetin bir nüsxəsi belə olsa növbəti əsrə qədər gedib çıxacaq”.

 

“Fins.az” saytının müxbiri Xeybər Heydərov deyib ki, onlayn media çap mediasına böyük təsir göstərir: “Ayda 10 manat internetə verərək bütün dərgilərin məqalələrini oxumaq olar. Onlayn medianın mənfi tərəfi bir sağlamlıq baxımından ola bilər ki, insanların gözünə təsir edir, şüalanma və s. Çap mediasında isə qəzet və ya jurnalın yer tutması və daşınması bir qədər problem yarada bilər”.

 

“Palitra” qəzetinin əməkdaşı Tural Tağıyev bildirib ki, internet medianın ənənəvi medianı sıxışdırması və ya çap mediasının fəaliyyətinə mənfi təsir etməsi kimi fikirlər bir qədər ziddiyyətlidir: “Ola bilər ki, zamanla insanların qiraət-kitab, qəzet oxumaq kimi vərdişləri azalıb və ya ümumilikdə dərc olunan kağızlardan informasiya toplamaq əvəzinə bir toxunuşla ekrandan nələrisə oxumaq istəyi çoxalıb. İndi təəssüf ki, qəzet oxuyan daha azdır. Amma bu, o demək deyil ki, dünyanın hər yerində bu belədir. Məsələn, Türkiyədə olmuş həmkarlarım da təsdiqləyərlər ki, bu ölkədə qəzet oxumaq mədəniyyəti qorunub saxlanılır. Bunun da öz səbəbləri var. Hətta mən deyərdim ki, nəinki bu ölkədə İngiltərə və digər inkişaf etmiş Avropa ölkələrində də bəzi aparıcı qəzetlərin yazdıqları məqalələrdən bir çox tanınmış saytlar, informasiya agentlikləri özləri üçün mövzular çıxarırlar. ABŞ kimi informasiya texnologiyalarının inkişaf etdiyi, internet medianın sürətlə irəlilədiyi bir ölkədə gündə iki-üç dəfə çıxan qəzetlər var. Yəni bütün bunları ona görə xatırladım ki, hər nə qədər internet mediaya maraq çoxalsa da, ənənəvi media yenə də unudulmur, əhəmiyyətini itirmir. Digər tərəfdən, yazılı mətbuatın da öz müsbət tərəfləri var. Məsələn, siz hər hansı bir saytda gedən informasiyanı, müsahibə və ya reportajı bir toxunuşla silə və ya istənilən vaxt yazıya müdaxilə etməklə dəyişikliklər edə bilərsiniz. Amma qəzet və ya jurnalda çıxan istənilən məqalənin dəyişdirilməsi, silinməsi mümkün deyil. Bu gün verdiyiniz açıqlamada hər hansı bir fikri demişsinizsə, onu kənar müdaxilələr olsa belə sabah dəyişə bilməyəcəksiniz. Ancaq internet mediada belə üstünlük yoxdur. Ya da ki, müəyyən bir problem üzündən xəbər portalı fəaliyyətini dayandırsa, orada illərlə getmiş dəyərli yazılar, korifey sənətkarlardan və başqa şəxslərdən alınan oxunaqlı yazılar, müsahibələr də əlçatmaz olacaq. Amma qəzetlərdə belə hallar olmur. Məsələn, mənim 2006-cı ildə qəzetdə çalışarkən bəzi tanınmış siyasət adamlarından, sənət adamlarından aldığım müsahibələr hələ də qalır. Mənfi tərəfi isə odur ki, qəzetdə çıxan bir məqalədə edilən səhvin düzəlişi növbəti nömrədə hər hansı bir üzrxahlıq və ya düzəlişlə mümkündür. Xəbərlərin operativ çatdırılması isə mümkün deyil. Hərdən düşünürsən ki, bir müddət sonra qəzetlər yalnız reportaj, müsahibə tipli yazılarla dərc ediləcəklər. Çünki axşama kimi izlənilib axşam çap üçün səhifəyə hazır edilən xəbər gecə saatlarında tam fərqli istiqamətdə dəyişə bilər. Bu mənada sabah qəzetdə çıxacaq xəbərin əhəmiyyəti də itə bilir. Amma operativlik, ənənəvi mediada rast gəlinməyən yeni xəbərlərin vaxtında çatdırılması, oxunması, xəbər yenilənməsi və digər müsbət amillər internet medianın üstünlüyü sayılır. Həmçinin dünyanın istənilən nöqtəsindən hər hansı bir saytı açmaqla öz ölkən haqqında və ya sənə lazım olan hər hansı bir mövzu haqqında böyük məlumat bazalarına sahib ola bilərsən. Yəni xəbər əlçatımlığı da müsbət amildir. İndiki oxucular artıq xəbərləri passiv şəkildə qəbul etmirlər. Hər şeyi zamanında oxumağa maraqlıdırlar. Qısası, internet auditoriyası ilbəil genişlənir, internet media daha da inkişaf edəcək. Amma ənənəvi medianın sıradan çıxacağı o qədər də inandırıcı deyil”.       

 

“İnce.az” saytının əməkdaşı Azadə Bayramova hesab edir ki, dövrlər dəyişdikcə insanın münasibətinin də dəyişməsi mütləqdir: “Bu, insanın bütün obyektlərə olan münasibətinə aiddir, eyni zamanda, çalışdığı peşəyə də. Söhbət jurnalistikadan gedirsə, biz bu gün mətbuata 19-cu əsrin gözü ilə baxa bilmərik. Yeniliklər qəbul olunmalıdır, nəinki qəbul, hətta onların tətbiqi mütləqdir. Əksər hallarda cəmiyyətə istiqaməti mətbuat verməli olsa da, unutmaq lazım deyil ki, onun verəcəkləri həm də cəmiyyətin tələbatlarına əsaslanmalıdır. Buna görə 21-ci əsrdə oxucu təkcə qəzetlərin “print” forması ilə təmin olunmamalıdır, oxucu elektron forma ilə də “qidalanmalıdır”. Yəni mətbuatın hər iki forması bir-birini tamamlamaq şərtiylə fəaliyyət göstərməlidir. İnternet mediası ilə ənənəvi medianı müqayisə edəndə görürsən ki, çox vaxt biri bir hava çalır, digəri başqa havanı oynayır. Yəni hər hadisəyə “şıdırğı” gedib “oynamaq” lazım deyil. Hadisə xəbərə sığmırsa, onu məcbur “geyindirmək” lazım deyil “xəbər”ə. Onda “dar”lıq hiss olunacaq. Bu mənada çap jurnalistikasının bu prinsipə daha çox riayət etdiyini deyə bilərik, nəinki elektron mətbuatın. Ancaq elektron mətbuatın da xüsusluğu çoxdur; əsasən operativlik, məkan və zaman sərhədsizliyi baxımından. Doğrudur, demək olar ki, elektron mətbuat sırasında çap mətbuatı “əriyib”, ancaq bu, onların sıradan çıxması demək deyil. Qəzetlər, jurnallar və digər çap məhsulları olduğu kimi qalmasa da mütləq ki, həmişə qalacaq. Mənə görə də qalması şərtdir”.

24.09.2018 12:45 / Baxılıb: 667 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo