BŞİH: Güclü leysanın Bakıda yaratdığı fəsadlar aradan qaldırılıb

Adəm Abbaslı/AZADİNFORM. Sentyabrın 23-də Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bir sıra fəsadlar yaranmış, proqnoz və ehtimallardan artıq yağan yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərində yerləşən obyektləri basıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Azadinform-a verilən məlumata görə, fövqəladə halla əlaqədar dərhal operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilib, “Azərcu” ASC, Fövqəladə Hallar Nazirliyi, paytaxtın və rayonların təsərrüfat xidmətlərinin əməkdaşları, texnika və avadanlıqları səfərbər olunub, leysanın fəsadlarının aradan qaldırılması istiqamətində konkret tədbirlər görülüb. Məlumatda bildirilib ki, kommunal və digər xidmətlərin əməyi nəticəsində leysan dayandıqdan sonra qısa vaxt kəsimində mərkəz ərazilərə dolmuş sular çəkilib, küçə və prospektlər yağışın gətirdiyi torpaq və tullantılardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub. Sakinlərin elektrik enerjisi, təbii qaz və su ilə təminatında ciddi problemlər yaranmayıb.

Bildirilib ki, mərkəzdə yağış sularının fəsadlarının daha çox olmasının təbii səbəblərindən əlavə texniki səbəbi də olub: “Belə ki, son dövrlərdə paytaxtın mərkəz ərazilərində tikilən çoxsaylı yeni tikililərin daha da çoxalması, həmçinin müstəqil qurum olan “Azərsu” ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi də bina səbəb kimi göstərilə bilər. Həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılmaması da əlavə problem yaradıb. Sonradan bu problem aradan qaldırılıb və axıdılan suyun səviyyəsi kəskin azalıb. Bununla əlaqədar gələcəkdə belə halların baş verməməsi üçün “Azərsu” ASC tərəfindən kollektorların gücü ilə bağlı yeni hesablamalar aparılmalı və əlavə tədbirlər görülməlidir”.

24.09.2018 10:25 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo