Gəncədə 74 ədəd partlamamış hərbi sursat aşkar edilib

Adəm Abbaslı/AZADİNFORM. Gəncədə 74 ədəd partlamamış hərbi sursat aşkar edilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Azadinform-a verilən məlumata görə, sentyabrın 23-ü saat 19:06-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 8 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsi tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyatyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 74 ədəd partlamamış hərbi sursat (62 ədəd LPS patronu, 10 ədəd PQ-7 raketi və 2 ədəd PQ-9 raketi) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Havanın qaranlıq olması ilə əlaqədar olaraq ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı növbəti gün də davam etdiriləcək.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 23 sentyabr 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Füzuli, Tərtər, Tovuz, Qazax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 25 ev və həyətyanı sahəyə, 17 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 2 ferma ərazisinə, 16 otlaq sahəsinə, meşə massivinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, hava limanı ərazisinə, Yuxarı Qarabağ kanalına, "ADY Container" MMC-nin inzibati ərazisinə, SHXÇDX-nin anbarına, Qarqar çayına, Araz su nasosu stansiyasının yaxınlığına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 4,637 ədəd partlamamış hərbi sursat, 1 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib, 309,820 kv.m ərazi yoxlanılıb.

24.09.2018 09:00 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo