Cüdo üzrə dünya çempionatında ilk 3 gündə Yaponiya daha çox medal qazanıb

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ilk 3 yarış günündə cəmi 14 ölkə medal qazanıb.

Azadinform-un məlumatına görə, 6 dəst və ya 24 medal (6 qızıl, 6 gümüş, 12 bürünc) məhz bu qədər ölkə arasında bölünüb.

Kişilərin yarışında 3 dəst medal 8 ölkəyə, qadınların mübarizəsində isə eyni sayda medal dəsti 9 ölkəyə qismət olub.

Ən çox medala Yaponiya sahib çıxıb. Cüdonun vətənindən gələnlər ümumilikdə 4 qızıl, 3 gümüş və 1 bürünc medala yiyələniblər. Bunlardan 2 qızıl və 2 gümüş medal qadınların, 2 qızıl, 1 gümüş və 1 bürünc medal kişilərin yarışında əldə olunub. Qadınların mübarizəsində digər qızıl medalı Ukrayna, kişilərdə isə Cənubi Koreya qazanıb.

Medal qazanan ölkələrdən Yaponiya, Cənubi Koreya, Qazaxıstan, Monqolustan və İran Asiyanı, Ukrayna, Rusiya, Böyük Britaniya, Azərbaycan, Fransa və Gürcüstan Avropanı, Braziliya və Argentina Cənubi Amerikanı, Kanada isə Şimali Amerikanı təmsil edir. Beləliklə, hələlik yalnız Afrika ilə Avstraliya və Okeaniya medalsızdır.

Kişilərin yarışında medalları yalnız Asiya və Avropa qitələrinin cüdoçuları əldə ediblər. "İlk 3-lük"dəki Yaponiya, Cənubi Koreya, Qazaxıstan və 7-ci yerdə gedən İran Asiya, Rusiya, Azərbaycan, Gürcüstan və Ukrayna Avropa qitəsindəndir.

Qadınların mübarizəsində isə Yaponiya, Monqolustan və Qazaxıstan Asiya, Ukrayna, Böyük Britaniya, Fransa Avropa, Braziliya və Argentina Cənubi Amerika, Kanada Şimali Amerikadandır.

Azərbaycanın yeganə medalını kişilərin yarışında Hidayət Heydərov qazanıb. 21 yaşlı idmançı 73 kq çəki dərəcəsində bürünc medala yiyələnib.

İlk 3 günün medalları

Kişilər

60 kq

1. Naohisa Takato (Yaponiya)

2. Robert Mşvidobadze (Rusiya)

3. Ryuyu Naqayama (Yaponiya)

3. Amiran Papinaşvili (Gürcüstan)

66 kq

1. Abe Hifumi (Yaponiya)

2. Yerlan Serixjanov (Qazaxıstan)

3. Baul An (Cənubi Koreya)

3. Georgi Zantaraya (Ukrayna)

73 kq

1. Çanqrim An (Cənubi Koreya)

2. Soiçi Haşimoto (Yaponiya)

3. Hidayət Heydərov (AZƏRBAYCAN)

3. Məhəmməd Məhəmmədi (İran)

Qadınlar

48 kq

1. Darya Beloded (Ukrayna)

2. Funa Tonaki (Yaponiya)

3. Otqonsetseq Qalbadrax (Qazaxıstan)

3. Paula Pareto (Argentina)

52 kq

1. Uta Abe (Yaponiya)

2. Ay Şişime (Yaponiya)

3. Amandin Buşar (Fransa)

3. Erika Miranda (Braziliya)

57 kq

1. Tsukaşa Yoşida (Yaponiya)

2. Nekoda Smit-Devis (Böyük Britaniya)

3. Krista Dequşi (Kanada)

3. Sumiya Dorjsuren (Monqolustan)

23.09.2018 15:48 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo