KTMT baş katibinin münaqişəyə dair açıqlama verməsi təşkilatın mandatından kənardır

Samir Soltanov/AZADİNFORM. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin vəzifə səlahiyyətindən sui-istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlama verməsi təşkilatın mandatından kənar xarakter daşıyır. Ermənistan vətəndaşlığını daşıyan baş katibin açıqlaması subyektiv və qərəzlidir və Ermənistan istisna olmaqla, üzv dövlətlərin münaqişə ilə bağlı mövqeyi ilə ziddiyyət təşkil edir”. 

Azadinform xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında yer alıb. Açıqlamada deyilir ki, təşkilatın baş katibi Ermənistan silahlı qüvvələri tərəfindən iki ölkənin sərhədi boyunca Azərbaycan ərazilərinin, o cümlədən mülki insanlar və obyektlərin müxtəlif silahlardan davamlı olaraq atəşə tutulması faktının üzərindən sükutla keçir. Hərbi ritorikadan danışan baş katibə Ermənistan baş nazirinin vəziyyətin gərginləşməsinə və danışıqlar prosesinin pozulmasına xidmət edən cəfəng və ziddiyyətli açıqlamaları ilə tanış olmağı tövsiyə edirik. Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca gərginliyin yaranmasının səbəbi Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və Ermənistan qoşunlarının ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur. Baş katibə xatırlatmaq istərdik ki, KTMT-nin beynəlxalq hüquqi əsasını təşkil edən və 2010-cu il dekabrın 10-da yeniləşdirilmiş Kollektiv Təhlükəsizliyə dair Müqavilənin 1-ci bəndinə uyğun olaraq iştirakçı dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək barədə öhdəliklərini bir daha təsdiq ediblər. Üzv dövlət olan Ermənistanın Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və işğalçılıq siyasəti KTMT-nin əsasını təşkil edən hüquqi sənədlərlə belə ziddiyyət təşkil edir. KTMT-nin baş katibi həqiqətən gərginliyin aradan qaldırılmasında maraqlıdırsa, onda üzv dövlət olan Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməsi faydalı olardı”.

22.09.2018 13:50 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo