İordaniya parlamentində Xocalı soyqırımı ilə bağlı müvafiq qərar verilməsini istərdik

Samir Soltanov/AZADİNFORM. Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İordaniya parlamentinin nümayəndələri ilə görüşüb. 

Azadinform xəbər verir ki, görüşdə iki ölkə arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib. Ziyafət Əsgərov deyib ki, Azərbaycan-İordaniya siyasi əlaqələri yüksək səviyyədədir. Prezident İlham Əliyevin İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn ilə dostluq və qardaşlıq əlaqələri var. Bu münasibətlər bizim ikitərəfli münasibətlərin digər sahələrdə də inkişaf etdirilməsi üçün yaxşı örnəkdir. İordaniya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını hər zaman dəstəkləyir. İordaniya Senatı Xocalı soyqırımını tanıyıb. Çox istərdik ki, Nümayəndələr Palatasında da bu məsələyə baxılsın və müvafiq qərar verilsin. 

Milli Məclis sədrinin birinci müavini dövlətlərimiz arasında iqtisadi, ticari, humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, xüsusilə təhsil, turizm, səhiyyə sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki dövlətin yaxşı potensialı mövcuddur. O, ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. 

İordaniya parlamentinin deputatı Favzi Daoud dövlətlərimizin dost və qardaş ölkələr olduğunu söyləyib. Azərbaycan parlamentinin yaranmasının 100 illiyi münasibətilə təbriklərini çatdıran Favzi Daoud yubiley tədbirinin yüksək səviyyədə təşkil edildiyini deyib. “Biz parlament nümayəndələri olaraq İordaniya ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu bilirik. Bu münasibətlərin əsası Kral II Abdullah ibn Al Hüseyn və Prezident İlham Əliyev tərəfindən qoyulub. Biz bu əlaqələrin necə dərin xarakter daşıdığını görürük. Ölkələrimizin parlamentləri arasında da yaxşı əməkdaşlıq mövcuddur”, - deyə Favzi Daoud bildirib. 

İordaniyalı deputat bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın belə yüksək səviyyədə inkişaf etməsi çox sevindiricidir. 

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib.

22.09.2018 13:00 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo