"Biz Azərbaycanı qaz xətti ilə Avropaya birləşdiririk"

Biz Xəzər dənizini neft kəmərləri ilə Qara dənizlə, Aralıq dənizi ilə, Azərbaycanı isə qaz xətti ilə Avropa ilə birləşdiririk.

Azadinform-un məlumatına görə, bunu Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan beynəlxalq məsələlərlə bağlı çox uğurlu siyasət aparır, qonşu ölkələrlə əlaqələrimiz ən yüksək səviyyədədir: "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox böyük hörmətə layiqdir. Avropa İttifaqının üzvü olan 9 ölkə ilə bizim strateji tərəfdaşlıq haqqında sənədimiz var və bu il Tərəfdaşlıq Prioritetləri sənədi imzalanıb.

Bax, budur bizim uğurlu xarici siyasətimiz ki, bu gün daxili inkişafımıza da müsbət təsir göstərir. O ki qaldı, iqtisadi sahəyə, son 15 il ərzində iqtisadi baxımdan Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyat 3,2 dəfə artmışdır və bu artım bu gün davam edir. Təsadüfi deyil ki, cəmi 26 yaşı olan ölkəmiz Davos Dünya İqtisadi Forumunun iqtisadiyyatların rəqabətqabiliyyətlilik hesabatına görə, dünya miqyasında 35-ci yerdədir. Təsəvvür edin, dünyada 200-dən çox ölkə var. Azərbaycan 35-ci yerdədir. Rəqabətqabiliyyətliliyi hesablaması bütün sahələri əhatə edir, təkcə enerji resurslarını yox. Yenə də Davos Forumunun inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksi üzrə hesablamalarına görə, Azərbaycan 3-cü yerdədir. Azərbaycan infrastrukturun səviyyəsinə görə, dünya miqyasında 26-cı yerdədir. Bütün bunları biz yaratmışıq, yorulmaz fəaliyyət nəticəsində, xalq-iqtidar birliyi sayəsində. Ona görə bizim iqtisadi inkişafla bağlı fikirlərimiz çox ümidvericidir və çox müsbətdir".

Azərbaycanın enerji siyasətinə gəldikdə, Prezident qeyd edib ki, bunun təsiri təkcə ölkəmizdə hiss olunmur, Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr önəm daşıyır: "Biz dənizləri birləşdiririk. Xəzər dənizini neft kəmərləri ilə Qara dənizlə, Aralıq dənizi ilə, Azərbaycanı isə qaz xətti ilə Avropa ilə birləşdiririk. Bu gün həyata keçirilən “Cənub Qaz Dəhlizi” bölgədə ən böyük infrastruktur layihələrindən biridir, ümumi dəyəri 40 milyard dollara bərabərdir. Demək olar ki, bu layihə enerji xəritəsini tamamilə yenidən yaradır".

21.09.2018 19:07 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo