Bu tədbir qürurlu tariximizin dünya ictimaiyyətinə çatdırılması üçün vəsilə oldu

Şəfa Tapdıq/AZADİNFORM. “Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbirin keçirilməsi və burada çoxsaylı dost və qardaş ölkələrin, beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakının təmin edilməsinin özü artıq bir tarixi hadisə kimi qiymətləndirilməlidir. Çünki bu tədbir bir daha Azərbaycanın şanlı və qürurlu tarixinin, dövlətçilik tarixinin, dünəninin və bu gününün dünya ictimaiyyətinə çatdırılması üçün bir vəsilə oldu”.

Bu fikirləri Azadinform-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib. Millət vəkilinin fikrincə, bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı yüksək dövlətçilik mədəniyyətinə, zəngin parlamentarizm tarixinə malik olan bir xalqdır və hələ 100 il bundan əvvəl Şərqdə ilk demokratik respublika qurmaqla, insan hüquq və azadlıqlarına təminat verməklə, qadınlara səsvermə hüququ tanımaqla bunu sübut edib: “Bu mötəbər yubiley tədbirində çıxış edən Prezident İlham Əliyev Şərqdə ilk Demokratik Cümhuriyyətin qurulmasını mühüm tarixi hadisə kimi səciyyələndirdi, Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı və bu il “Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir, Azərbaycan Respublikasının keçdiyi müstəqillik yoluna nəzər salaraq olduqca əhəmiyyətli ümumiləşdirmələr apardı. Ölkəmizin 1993-cü ildən sonra sabitlik və inkişaf yoluna qədəm qoyduğunu xatırlatmaqla hazırkı mərhələdə istər iqtisadi-siyasi, istər humanitar və sosial sferada, istərsə də beynəlxalq münasibətlər sistemində necə böyük uğurlara imza atdığını diqqətə çatdırdı. Dağlıq Qarabağ probleminin həlli məsələsinin vacibliyinə toxunan Prezident vurğuladı ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib”.

Millət vəkili qeyd edib ki, Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir: “Münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. “Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir” - deyən Prezident İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Bu fikirlər həm problemin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyinin bir daha bütün dünyaya bəyan edilməsi, həm də son zamanlar Ermənistan rəhbərliyinin səbatsız və təxribatçı çıxışlarına cavab kimi səsləndirildi. Azərbaycanın həyata keçirdiyi siyasət sayəsində regional və qlobal əhəmiyyətli layihələrin həyata vəsiqə qazanması və bunun regiona sabitlik və rifah gətirdiyi, eyni zamanda, ölkəmizə strateji müttəfiqlər qazandırdığı, işğalçılıq siyasəti ucbatından Ermənistanın bu layihələrdən kənarda qalması regional gerçəklik kimi təsvir edildi. Bununla yanaşı, ölkəmizin demokratik dəyərlərə sadiq qalması, Azərbaycanda yüksək tolerantlıq mühitinin olması, multikultiralizm ənənələrinin yaşaması və inkişaf etdirilməsi, hüquqi dövlət quruculuğunda əldə edilən nailiyyətlər qonaqların diqqətinə çatdırıldı və ölkəmizin bu siyasəti davam etdirəcəyi bildirildi. Azərbaycanın qısa tarixi dövr ərzində əldə etdiyi nailiyyətlər, onun sözün əsl mənasında müstəqil dövlət olması, daima öz milli maraqlarından çıxış edə bilmə cəsarəti nümayiş etdirməsi yüz il əvvəl qurulan Xalq Cümhuriyyəti ənənələrinə sadiq qalmasının bariz nümunəsidir”.

21.09.2018 17:22 / Baxılıb: 147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo