Uşaqlar həm fizioloji, həm də zehni cəhətdən çox yüklənirlər Psixoloq

Ləman Hüseynzadə / AZADİNFORM. Günümüzdə şagirdlər həm fizioloji, həm də psixoloji cəhətdən çox yüklənirlər.

Həm məktəb dərsləri, həm də əlavə yükləmələr uşaqların psixologiyasına son dərəcə təsir göstərir və onları yorur. Valideynlər isə bu prosesləri o qədər də ciddiyə almırlar. Amma psixoloqlar uşağın zehni və fiziki yüklənməsini doğru hesab etmirlər. Bəs, belə olan halda nə etmək lazımdır?

Bu barədə Azadinform-a danışan psixoloq Gülnarə Əliyeva qeyd edib ki, bu gün uşaqlar həm fizioloji, həm də zehni cəhətdən çox yüklənirlər: “Bizim vaxtımızda V-VI siniflərdə tədris olunan proqramlar artıq I-II sinif səviyyəsinə endirilib. Bu, uşaq üçün əlavə yük və stressdir. Lakin mütəxəssislər hesab edir ki, bizim dövrün uşaqlarının qavrama tərzi və dünyagörüşü indikilərlə müqayisədə tam fərqlidir. Yəni hazırda uşaqları yükləmək olar. Amma uşaqlar həm fizioloji, həm də zehni cəhətdən çox yüklənirlər. Dərs vəsaitləri həddindən artıq ağır olduğuna görə çantalarını daşımaq da onlar üçün çətin olur və fiziologiyalarına mənfi təsir göstərir. Eyni zamanda, həmin vəsaitlərdə olan qəlizliklər uşaqları zehni cəhətdən yorur. Bunun təbii ki, psixoloji təsir göstərən tərəfləri də var. Əvvəla psixoloqlar hər bir şagirdin valideyninə məsləhət görür ki, uşaq özü öz çantasını götürməli və evə gəldikdə özü sərbəst şəkildə hazırlaşmalıdır. Ancaq bu da hər zaman mümkün olmur. Uşaq öz çantasını daşıdıqda onun şüur altına psixoloji olaraq təsir göstərir ki, mən öz dərs yükümü, məktəb məsuliyyətimi daşıya bilirəm. Digər tərəfdən, uşaq dərslərinin öhdəsindən gələ bilmirsə özündə güvənsizlik yaranır. Nəticədə uşaq hesab edir ki, dərs yükünün öhdəsində gələ bilmir, özü bacar bilmir və deyir ki, mən məktəbə getmirəm”.

Psixoloq bildirib ki, artıq 5-6 yaşından məktəbə gedən uşaqların sayı artıb: “Əvvəllər bunun üçün xüsusi imtahan keçirilirdisə də artıq o da tələb olunmur. Amma mən valideynlərə səslənirəm ki, uşağın təlim yaşı 5-6 yox 7 yaşdan başlayır. Əksər xarici ölkələrdə, həmçinin qonşu dövlət olan Rusiyada da 5-6 yaşdan uşaqların məktəbə qoyulması qadağandır. Çünki 7 yaşında uşaq məktəb məsuliyyətini dərk edəcək və həmin materialları qavrayacaq yaşdadır. Biz 5-6 yaşlı uşağı məcbur ediriksə ki, bu yüklə yüklən və bunun öhdəsindən gəl uşaq bunu bacarmaz. Uşaq buna fizioloji və psixoloji cəhətdən hazır deyil. Təbii ki, bu bütün uşaqlara şamil olunmur, seçilmə uşaqlar ola bilər. Buna baxmayaraq, yenə də biz psixoloqlar 7 yaşı daha məqsədə uyğun hesab edirik”. 

G.Əliyeva hesab edir ki, uşaqlar dərsdən sonra məşğələlərə gedə bilərlər: “Lakin buradan bir haşiyə çıxaq. Əgər uşaq istədiyi məşğələyə gedirsə bu ona zövq verəcək, məktəb stressindən azad olacaq. Yəni bu əlavə yüklənmə deyil. Amma bir şərti yadda saxlamaq lazımdır ki, bu istiqamət uşağın potensialına, istəyinə, daxili motivinə uyğun seçilməlidir. Hər hansı bir oğlan uşağının rəsmə marağı varsa, amma valideyni onu idmanla məşğul olmağa yönləndirirsə, təbii olaraq valideyn övladını stresslə yükləyir. Çünki uşaq istənmədiyi sahəyə istiqamətlənir və dərsdən sonrakı bu cür məşğələlərə əlavə yük kimi baxır”.

21.09.2018 16:30 / Baxılıb: 143 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo