Bu gün Azərbaycan xalqı siyasi və iqtisadi müstəqilliyini yüksək dəyərləndirir

Samir Soltanov/AZADİNFORM. “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız Azərbaycan xalqının deyil, bütövlükdə regionun həyatında əhəmiyyətli hadisədir. Yüz il bundan əvvəl Azərbaycan xalqı parlamentini yaratmaqla demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib. Yüz il bundan əvvəl Azərbaycanda yaradılan parlament müasir parlamentarizm modeli əsasında fəaliyyət göstərirdi”. 

Azadinform xəbər verir ki, bu sözləri Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Qırğız Respublikası parlamentinin sədri Dastanbek Cumabekov bildirib. O deyib ki, təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi: “1920-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini itirdi. Lakin Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan xalqı öz dövlətçilik ənənələrinə sadiq qalaraq müstəqil dövlət yarada bildi. Əlbəttə ki, Azərbaycan xalqının ümummilli lideri, uzaqgörən siyasətçi Heydər Əliyevin ölkənin müstəqilliyini qoruyub saxlamasında, inkişafında rolu əvəzsizdir. Məhz onun səyləri nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmləndirildi, ölkə inkişaf yoluna qədəm qoydu. Konstitusiya qəbul olundu, milli ideologiya formalaşdırıldı, müxtəlif sahələrdə geniş və dərin islahatlar həyata keçirildi. Həyata keçirilən bütün islahatlarda parlament də fəal rol oynayıb. Belə ki, fəaliyyətini demokratik və qanunun aliliyi prinsipləri əsasında həyata keçirən parlament tərəfindən qəbul olunan qanunlar Azərbaycanın demokratik inkişafı üçün əsaslı zəmin yaradıb”. 

Dastanbek Cumabekov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ölkə daxilində və xaricdə müxtəlif tədbirlərin keçirilməsi xalqın öz tarixinə verdiyi dəyərin göstəricisidir: “Bu gün Azərbaycan xalqı öz ölkəsi və rəhbərliyi ilə fəxr edir, siyasi və iqtisadi müstəqilliyini yüksək dəyərləndirir. Azərbaycanın turizm cəhətdən cəlbedici olması, səhiyyə və təhsil sahələrində inkişaf etməsi və beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsi ölkənin inkişafının göstəriciləridir”. 

Azərbaycan Milli Məclisinin parlamentlərarası əməkdaşlığa önəm verdiyini deyən sədr vurğulayıb ki, Milli Məclis bir çox parlament təşkilatları ilə uğurlu əməkdaşlıq edir. 

Qırğızıstan ilə Azərbaycanı ümumi köklərin, dini və mədəni eyniliklərin birləşdirdiyini deyən Dastanbek Cumabekov qeyd edib ki, tarixən xalqlarımız arasında dostluq əlaqələri mövcud olub və bu münasibətlər bu gün də var.

21.09.2018 15:58 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo