Umayra Tağıyeva toz-dumanlı hava ilə bağlı danışıb

Şəfa Tapdıq/AZADİNFORM. "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli Qaynar xəttinə toz-dumanlı hava ilə bağlı müraciətlər olur".

Azadinform xəbər verir ki, bu sözləri bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

Qeyd edib ki, bu mövzuda ayrı-ayrı insanlar öz fərziyyələrini səsləndirirlər: "Əlbəttə, hər bir insanın öz fikrini söyləmək hüququ var, lakin elmi əsaslara söykənən mütəxəssis rəyi məsələyə aydınlıq gətirə bilər. Buna görə də toz-dumanın səbəblərini araşdıranda yanaşmalar obyektiv olmalıdır. İlk növbədə Abşeronun yarımsəhra landşaft şəraiti, torpaq-bitki örtüyü və arid, quraq iqlim şəraiti nəzərə alınmalıdır. 

Bir neçə səbəb mövcuddur. Bu həm regionda, yəni qonşu ölkələrdə olan meteoroloji-sinoptik şəraitlə bağlı ola bilər, həm də yerli, lokal xarakter daşıya bilər".

U. Tağıyeva deyib ki, təbii proseslər zamanı  ölkə ərazisinə səhralardan hava axınları ilə tozun daxil olması müşahidə edilir. Bu proseslər adətən quraq keçən ilin isti dövrü üçün səciyyəvidir: "Orta Asiyada, Türkmənistanda, ya da İranda, İraqda, Suriyada güclü toz burulğanları müşahidə olunduqda toz-duman orta troposferdə davamlı olaraq şərq, cənub-şərq və cənub axınları ilə Azərbaycana daxil olur. Burada söhbət yer səthində müşahidə olunan küləyin istiqaməti və sürətindən getmir, orta troposferdə hava axınlarının istiqaməti və sürəti yer səthində olan küləklərin istiqamətindən fərqli ola bilər. Mütəxəssislərimiz bu prosesləri vizuallaşan  peyk sistemi vasitəsi ilə izləyərək səbəbləri açıqlayırlar. Azərbaycanda ən çox bu hadisələr Abşeron yarımadasında qeyd olunur. Və maraqlı bir fakt ondan ibarətdir ki, görünüşün pisləşməsi birinci açıq dənizdə yerləşən Neft Daşları hidrometeoroloji stansiyamızda, sonra isə quruda yerləşən stansiyalarda qeydə alınır. 

Təbii toz-duman proseslərindən fərqli olaraq antropogen səbəblərdən yaranan hadisələrin əhatəsi daha lokal olur, yerli xarakter daşıyır.  Çirklənmə mənbəyinə yaxın  olan ərazilərdə  tozların təsir dairəsi daha çox olur. 

Hazırda yerli toz-duman hadisələri insan fəaliyyəti nəticəsində həm tikinti, həm də daş karxanalarının fəaliyyətləri zamanı ekoloji və tikinti qaydaların pozulması nəticəsində baş verir".

21.09.2018 15:40 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo