Bir müəllimə 12 şagird düşür Ekspert Bakıdakı şagird sıxlığından danışdı

Ləman Hüseynzadə / AZADİNFORM. “Təhsil müəssisələrində siniflərdə şagirdlərin sayı 20 nəfər və otaqların sahəsi 36-42 kvadratmetr təşkil edir. Nazirlər Kabinetinin 10 nömrəli, 19.01.2012-ci il tarixli digər qərarının 2.6.2-ci bəndinə görə, bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə otaqların ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir”.

Azadinform xəbər verir ki, bu barədə Bakı şəhər Təhsil İdarəsi mətbuata açıqlama verib.

Günümüzdə sayı 30 nəfərdən artıq olan siniflər çoxluq təşkil edir. Və əksər məktəblərdə paralel siniflər təşkil olunmur. Dərslər bir otaqda 30-35 şagirdə tədris olunur. Xüsusən də ibtidai siniflərdə (I-IV) şagird sıxlığı daha çox yaşanmaqdadır. Bəs, uşaq sayının çox olduğu siniflərlə sayı az olan digər siniflərdəki təhsilin keyfiyyəti eynidirmi?

Mövzu ilə bağlı Azadinform-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, hazırda Azərbaycanın 4472 orta məktəbində 1.5 milyona yaxın şagirdə 151 min müəllim dərs keçir: “Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Lakin burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub. Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmaya ehtiyac duyulur. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasını da vacibdir. Düşünürəm ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır”.

“Xarici ölkələrdən nümunə olaraq deyim ki, Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir”, - deyən ekspert qeyd edib ki, hazırda Bakıda bir müəllimə düşən şagirdlərin sayı 12-dir: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədrisin sisteminin qurulmasıdır. Hesab edirəm ki, müəllim şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyyələşdirməyə və təhsilin inkişafına təsir göstərəcək. Ümumiyyətlə, Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır. Buna görə də hesab edirəm ki, gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var. Artıq 2 ildir ki, şagirdlərin birinci siniflərə qəbulu zamanı ərazi üzrə yaşayış meyarı əsas götürülür ki, bu da sosial ədalət prinsipini qoruyur. Bir çox hallarda valideynlər övladlarını digər ərazilərdə yerləşən məktəblərə yollayırdı ki, bu zaman həmin məktəbin mikroərazisində sıxlıq formalaşırdı”. 

K.Əsədov vurğulayıb ki, bu gün ibtidai siniflər üzrə demək olar ki, Bakı şəhərində bütün orta məktəbdə şagirdlərin sayı 35 dən çoxdur: “Bu əlbəttə ki, keyfiyyətə ciddi təsir göstərir. Çünki 45 dəqiqə ərzində müəllim bütün şagirdləri öyrədə, onların bilik və bacarıqlarını yoxlaya bilmir. Cari tədris ilindən təkcə məktəbəqədər və ibtidai siniflərə yox, eyni zamanda V siniflər üçün liseylərə qəbulun da mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi şagird sıxlığının aradan qalxmasına və ərazi üzrə yerləşdirmənin tam şəkildə həyata keçirilməsinə ciddi müsbət təsir edəcək”.

21.09.2018 15:22 / Baxılıb: 413 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.10.2018
19.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo