Aqrar sektor: inkişaf və problemlər - TƏHLİL

Azərbaycan Sovet İttifaqının tərkibindən çıxdıqdan sonra - sosializmdən kapitalizmə keçid dövrünün ilk illərində ümumi daxili məhsul 70 faizdən çox azalmış, iqtisadiyyatın bütün sahələri kimi kənd təsərrüfatı da iflic vəziyyətinə düşmüşdü.

1995-ci ildə əhalinin ərzaq məhsullarına olan tələbatı taxıl üzrə cəmi 51 faiz, kartof üzrə 33 faiz, meyvə üzrə 56 faiz, tərəvəzlə 62 faiz, bostan məhsulları ilə 40 faiz, ət və ət məhsulları ilə 30 faiz, süd və süd məhsulları ilə 34 faiz ödənilirdi. Lakin aqrar islahatların həyata keçirilməsindən sonra 2000-ci ildə (1995-ci illə müqayisədə) taxıl istehsalı 1,7 dəfə, kartof istehsalı 3 dəfə, bostan məhsulları 6,2 dəfə, tərəvəz istehsalı 1,8 dəfə, ət və süd istehsalı 1,3 dəfə, yumurta istehsalı 1,2 dəfə artdı. Buna baxmayaraq,  böhranlı vəziyyət XXI əsrədək davam etdi. Yeni əsrdə isə kənd təsərrüfatı özünün yeni dövrünə qədəm qoydu.


Son 27 ildə aqrar sektorda nələr dəyişib?


Kənd təsərrüfatının müstəqilliyin 10 ildəki inkişafını rəqəmlərlə yuvarlaq göstərsək belə bir mənzərə alınır: 1991-ci ildə dənli və dənli-paxlalıların istehsal həcmi 1.3 milyon ton idisə, 10 il sonra bu rəqəm 2 milyon tona çatdı (1,5 dəfə artım), kartof istehsalı uyğun olaraq 180 min tondan artaraq  954 min ton (5,3 dəfə), tərəvəz istehsalı 805 min tondan artaraq 1190 min ton (1,5 dəfə), ərzaqlıq bostan məhsulları 62 min tondan artaraq 433 min ton (7 dəfə), meyvə 498 min tondan artaraq 730 min ton (1,5 dəfə), mal-qaranın baş sayı 1831 min başdan artaraq 2647 min baş (1,45 dəfə), qoyun və keçilərin baş sayı 5419 min başdan artaraq 8492 min baş (1,57 dəfə), ət istehsalı (kəsilmiş çəkidə) 153 min tondan artaraq 254 min ton (1,6 dəfə), süd istehsalı 948 min tondan artaraq 1536 min ton (1,6 dəfə), yumurta istehsalı 958 mln ədəddən artaraq 1178 mln ədəd (1,23 dəfə), yun istehsalı 10,5 min tondan artaraq 15,6 min ton (1,5 dəfə) olub.

İkinci onillikdə dövlət aqrar sektora dəstəyi artırdı. Son 10 ildə kənd təsərrüfatı məhsul istehsalçılarına 1 milyard manata yaxın subsidiya verilib. Eyni zamanda 2007-ci ildən “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən ölkəyə idxal olunan mineral gübrələrin dəyərinin orta hesabla 50 və 70 faizinin güzəştlə istehsalçılara satılan gübrəyə görə 40 milyon manat vəsait ödənilir.

Dövlət  büdcəsi vəsaiti və digər mənbələr hesabına yeni əsrin ilk 5 ilində 11000 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 1000 kombayn, 3600 traktor, 160 ekskavator müvafiq qaydalara uyğun satılıb və ya lizinqə verilib, 300 min ton mineral gübrə, 300 ton pestisid alınıb. 

Sonrakı dövrdə də bu siyasət davam etdi. Aqrar sektorda aparılan işlər nəticəsində bu sahədə ciddi naliyyətlər əldə olundu. Ümumiyyətlə, son illərdə aqrar sektorda ildə 5 faizdən artıq artım müşahidə olunur. 


İri kollektiv təsərrüfatların böyük perspektivləri var?


Son vaxtlar aqrar sahə üzrə mütəxəssislər iri kəndli təsərrüfatlarının yaradılmasının daha effektli olacağı haqda fikirlər səsləndirirlər. Qeyd olunur ki, kolxoz və sovxozların özəlləşdirilməsindən sonra məhsul əkini və istehsalına nəzarət mümkün olmadı və kəndlilərin kiçik təsərrüfatları lazım olan avadanlıq, texnika, toxum və s. almaqda çətinlik çəkirlər. 

Kollektiv təsərrüfatlar ləğv edilərkən Azərbaycanda yalnız bir kənddə, İvanovkada (İsmayıllı rayonu) kolxoz saxlanılıb. Bu kənd dövlətdən 1 manat belə yardım almayıb, əvəzində bütün əhalisini işlə təmin edir (1000 nəfər kolxozda daimi işlə təmin olunub) və üstəlik xeyli qazanc əldə edir. 

Mütəxəssislər qeyd edirlər ki, Azərbaycanın 3500 kəndində İvanovka modeli saxlansaydı kolxozların valyuta ehtiyatı 25 milyard dollar təşkil edərdi ki, bu da Neft Fondunun valyuta ehtiyatlarının yarısından çoxdur. Artıq ölkədə bəzi iri təsərrüaftlar fəlaiyyət göstərir ki, onların da daha effektiv işlədiyi aydın hiss olunur. Məhsuldarlıq və qazancın çoxluğu, xərclərin azlığı, kadr potensialı, idarəetmənin təkmilliyi belə təsərrüfat subyektlərinin üstünlüyünü göstərir. Misal üçün İsraildə kolxoz sistemi mövcuddur, ona görə də dünyada ən inkişaf etmiş aqrar sektorlardan birinə sahibdir. Bu səbəbdəm Azərbaycanda iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması çox məqsəduyğundur.


“Bazarda alıcılar və kəndli uduzur, möhtəkirlərdir isə udur”


Kənd təsərrüfatı üzrə mütəxəssis, üzümçülük və şərabçılıq üzrə SSRİ elmlər namizədi Gülağa Ağazadə deyir ki, əsas problemlərdən biri də odur ki, kəndli öz məhsulunu rahat sata bilmir, ona maneələr var və nəticədə alverçilər həmin məhsulu yerində çox ucuz qiymətə alıb iri şəhərlərdə 3-5 dəfə baha satırlar: “Fermerlərin öz məhsulunu sərbəst satması üçün lazımi şərait yaradılmayıb. Düzdür, Kənd Təsərrüfatı Nazirliyi Bakıda mütamadi olaraq yarmarkalar təşkil edir, lakin bu yarmarkalara çıxarılan məhsul aqrar sektorun məhsulunun heç 1 faizini də əhatə etmir”. 

Ekspertin sözlərinə görə, ölkə özünü ərzaqla artıqlaması ilə təmin edə bilər, lakin hazırda bazarlar genetik modifikasiya olunmuş məhsullarla doldurulub: “Xarici meyvə-tərəvəzlər yerli məhsullardan xeyli ucuz satılır. Yerli meyvə-tərəvəz bazarlarda baha satılsa da, bundan kəndli yox, alverçilər qazanır. Yəni bu üçbucaqda, iki tərəf uduzur - alıcılar və fermer özü. Bir tərəf də udur ki, bunlar da möhtəkirlərdir”.

G.Ağazadə deyir ki, hər il istər süni əngəllərdən, istərsə də təbii problemlərdən fermerlərin çoxu zərərə düşür: “Belədə məhsul becərmək kəndliyə sərf eləmir və nəticədə bazarda xarici məhsullar yerli məhsulu sıradan çıxarır. Hazırda Azərbaycan əhalisinin istehlak etdiyi ərzaq məhsullarının təxminən yarıya qədəri idxal hesabına formalaşır. Halbuki, bizim özümüzü təmin etmək və böyük həcmdə ixrac etmək potensialımız var”. 

Mütəxəssis deyir ki, dünyada ən gəlirli sahə olan üzümçülüyün inkişafı üçün tədbirlər görülsə, üzüm sahələri və şərab zavodları bərpa edilsə dünya bazarına yüksək keyfiyyətli çərab məhsulları ilə çıxmaq olar ki, burda da həm kəndli qazanar, həm də dövlət.


“Dövlət kənd təsərrüfatının inkişafına dəstəyi gücləndirsə...”


İqtisadçı ekspert Vüqar Abbasov isə deyir ki, Rusiya, ABŞ və Türkiyədə, həmçinin, əksər Avropa ölkələrində dövlət tərəfindən kənd təsərrüfatına güclü dotasiya ayrılır, əsas ərzaq məhsullarının istehsalı üçün stimullaşdırıcı tədbirlər görülür, fermerlərə güzəştlər edilir: “Belə ölkələrdə dövlət tərəfindən fermerin məhsulunun hətta bazar qiymətindən də yüksək qiymətə alınacağı haqda əvvəlcədən müqavilə bağlanır. 

Buraya kəndlinin öz məhsulunu sərbəst və maneəsiz şəkildə bazara çıxarma imkanlarını, möhtəkirliyin aradan qaldırılmasını və anti-inhisar tədbirlərini də əlavə etsək, belə ölkələrdə xarici amillərin təsiri ilə böhranın yaranması üçün heç bir səbəbin olmadığı aydın olar”. 

Ekspertin fikrincə, Azərbaycanda aqrar sektora dövlətin dəstəyi var və bir sıra müsbət işlər görülüb, amma bunlar kifayət etmir. Əsas məsələ, bazarda monopoliyanı aradan qaldırmaq, kəndli təsərrüfatlarına güzəştli və uzunmüddətli kreditləri artırmaq və müdaxilələri tam ləğv etməkdir. Bundan başqa, aqrar sektorda əlavə vergi güzəştləti tətbiq etmək, yüngül və yeyinti sənayesi üzrə istehsal avadanlıqlarının gətirilməsi zamanı gömrük güzəştlərinin artırılması vacibdir.  Bu halda ərzaq təhlükəsizliyini təmin etmək olar. 


Məhsul niyə sahibkarın əlində qalmalıdır?


Bəli, sahibkarların ən “yaralı” yeri əllərindəki məhsulu  bazarlara çıxarıb satmaqdır. Bu problem üzündən hər il bir neçə sahibkarın büdcəsinə külli miqdarda ziyan dəyir. Çünki əlindəki məhsula nə xarici bazarlarda, nə də yerli bazarlarda alıcı tapa bilir. Məhsulun satışında yaranmış əngəllərdən biri, məhsulun çoxluğu ilə əlaqədardır. Belə ki, məhsulun çox olması rəqabətliliyin formalaşdırılması əvəzinə bir sıra əngələ səbəb olur. Çünki, planlı əkin aparılmır və nəticədə ifrat istehsal yarandığından məhsulun satışı bəzən maya dəyərindən də aşağı satılır.

Ötən yazımızda qeyd etdiyimiz kimi, bu kimi problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyevin sərəncamı ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bu qurumun yaradılması təbii ki, ən çox sahibkarları sevindirir, problemlərinin həll olunacağını zənn edirdilər. Lakin bu qurum da hələ sahibkarların problemlərini həll etmək iqtidarında deyil.  

Ötən günlərdə Cəlilabad rayonu, Təzəkənd kənd sakinləri – kiçik fermer təsərrüfatlarına sahib olan Bəhruz Nuruşov və Xalid Niftiyev Azadinform-a müraciət edərək əkib becərdikləri məhsullara bağlı “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıqlarını bildirdilər: “Biz “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı sizin saytda gedən yazını oxuduq və onlara müraciət etdik. Bizə bildirdilər ki, əlimizdəki məhsulu sataq sizə özümüz müraciət edəcəyik. Onların əllərindəki məhsulun satılacağı vaxt bəlli deyil. Ölkə başçımız cənab İlham Əliyev kənd təsərrüfatının inkişafı üçün gözəl şərait yaradıb. Lakin aidiyyatı orqanlar bu məsələ ilə bağlı heç bir addım atmırlar. Belə olan təqdirdə bizim kimi sahibkarlar əllərindəki məhsulları zibilxanalara tökməyə məcbur olurlar. ASC-dən bildirdilər ki, bizə lazım olan məhsulu əldə etmişik, müdiriyyətlə əlaqə saxlayıb sizə məlumat verəcəyik. Təəssüf ki, bizim müraciətimizdən 20 gün keçib, lakin heç bir nəticə yoxdur”.  

Bəhruz Nuruşov bildirir ki, əziyyətlə əkib becərdiyi məhsuluna heç kim yaxın durmur: “16 ha torpaqda noxud, 14 ha torpaqda isə sarımsaq əkmişəm. Öz kəndimizlə yanaşı qonşu kəndlərdən işçi qüvvəsi cəlb etmişəm. Lazımi texnikalardan istifadə olunub yəni, məhsulda heç bir problem ola bilməz. Bütün qaydalara riayət olunaraq məhsul becərilib. Lakin bütün bunlara baxmayaraq məhsulumuz əlimizdə qalıb”. 

Kiçik sahibkarın sözlərinə görə, təklif edilən qiymət heç çəkdikləri əziyyətin yarısını belə ödəmir: “Məhsulu nə yerli, nə də xarici bazara çıxarmaq şansımız yoxdur. Təklif edilən qiymət olduqca çox aşağıdır”.


Elçin Bayramlı

21.09.2018 11:39 / Baxılıb: 589 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo