ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi memorandum imzalayıb

Şəfa Tapdıq/AZADİNFORM. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.

Azadinform xəbər verir ki, Memorandumu nazir Sahil Babayev və Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. S.Babayev çıxışında bildirib ki, Prezident İham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatlar ölkədə iqtisadiyyatın inkişafı ilə yanaşı, əhalinin rifah halının yüksəlməsinə səbəb olub. Dövlət başçısının kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılması, idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması baxımdan mühüm əhəmiyyət daşımaqla bərabər, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının göstəricisidir. Nazir həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunduğunu, bu sektorun potensial imkanlarının genişləndiyini, yeni istehsal sahələrinin yaradıldığını, yerli istehsal hesabına idxalı əvəz edən məhsulların həcminin yüksəldiyini, sahibkarlıq subyektlərinin sayının 4 dəfədən çox artığını, özəl sektorun məşğulluqda payının 75 faizi keçdiyini vurğulayıb. 

Nazir ölkə başçısının tapşırıqlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə ilin sonuna kimi yeddi min ailə özünüməşğulluq proqramı çərçivəsində ailə biznesini quracaq.

 S.Babayev qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında imzalanan memorandum qurumların göstərdiyi dövlət xidmətlərinin təşkili, informasiya-kommunikasiya texnologiyaları və innovasiyaların imkanlarından istifadə etməklə xidmət keyfiyyətinin yaxşılaşdırılması, sahibkarların həmin xidmətlərə dair maarifləndirilməsi, sahibkar məmnunluğunun artırılması, özünüməşğulluq proqramına cəlb edilmiş ünvanlı dövlət sosial yardımı alan şəxslərin, əlillliyi olan şəxslərin, bir ildən artıq işsiz kimi qeydiyyatda olanların, pensiya yaşına iki ildən az qalmış şəxslərin, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərin kiçik biznesinin inkişafına dəstək, Nazirliyin tabeliyindəki DOST (Dayanıqlı Operativ Sosial Təminat) Agentliyi ilə əməkdaşlığın qurulması, əmək bazarınadək olan prosesdə könüllülük fəaliyyətinin təşviq edilməsi və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlığı tənzimləyir.

Orxan Məmmədov isə çıxışında deyib ki, imzalanan memorandum məşğulluğun təmini səviyyəsinin yüksəldilməsi məqsədlərinin səmərəli reallaşdırılması və əlaqələndirilməsi baxımından inkişaf çagırışlarına cavab verən yeni əməkdaşlıq istiqamətlərini və formalarını müəyyən edir. O bildirib ki, kiçik bizneslərin yaradılmasının təşviqi yolu ilə özünüməşgulluq, əhalinin sosial həssas qruplarının məşğulluğunun təmini, sosial və iqtisadi məqsədlərin qarşılıqlı əlaqədə reallaşmasına imkan verən müasir biznes modellərinin tətbiqinə dair geniş əməkdaşlıq platforması mövcuddur. İmzalanan memorandum göstərilən istiqamətlərdə birgə səylər üçün bu platformanı inkişaf etdirəcək.

O.Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmaqda olan DOST Agentliyi tərəfindən formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostları şəbəkəsi kimi yeni institutlar arasında səmərəli əməkdaşlığın birgə məqsədlərin reallaşdırılması üçün geniş imkanlar yaradacağını deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyi arasında imzalanan memorandum çərçivəsində 30-dək fəaliyyətin birgə təşkili və həyata keçirilməsi üzrə əməkdaşlıq barədə razılığa gəlinib. Bunlar özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr və əlilliyi olan şəxslər üçün kiçik biznesin yaradılması, kiçik və orta sahibkarlığın dəstəklənməsində birgə fəaliyyət, kiçik və orta biznesə dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin təşviqi, KOB könüllüləri ilə DOST könüllülərinin birgə əməkdaşlıq platformasının hazırlanması, KOB və DOST könüllülərinin əmək bazarının tələblərinə uyğun hazır mütəxəssis kimi formalaşması istiqamətində bölgünün aparılması, o cümlədən müxtəlif ixtisaslaşdırılmış sahələr üzrə birgə “Yay və Qış məktəbləri”nin təşkili, həssas əhali qruplarının məşğulluqda xüsusi çəkisinin artırılması istiqamətində tədbirlərin görülməsi, birgə əmək yarmarkalarının təşkil edilməsi və digər sahələr üzrə əməkdaşlıq istiqamətlərini əhatə edir.

20.09.2018 16:55 / Baxılıb: 272 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
11.12.2018
10.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo