Hasan Sağındık: Biz sizi görmədən sevdik

Azərbaycan dinləyicisi onu 1990-1991-ci ildə Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeirinə bəstələdiyi musiqi ilə tanıyır. Hələ o dövrdə Hasan Sağındık Azərbaycanın haqq səsini dünyaya çatdırmağı bacarmışdı. 

Onunla ikinci müsahibəm Bakıda, gözəl bir günə təsadüf edir. Sənətçi, millət vəkili Qənirə xanım Paşayevanın dəvəti ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün gəlib.

 

- Hasan bəy, yenidən xoş gördük sizi. Keçən səfərdən indiyə Bakıda nə dəyişib?


- Mənim üçün məkan yox, insanlar, onların münasibətləri daha vacibdir. Bu səfər daha mehriban, daha istiqanlı qarşılandım. Bakı günü-gündən gözəlləşir, inkişaf edir. 


- Azərbaycanı digər Türk dövlətlərindən fərqləndirən nələr var? Sizə görə...


- Hər şeydən əvvəl, ləhcəmiz, şivəmiz çox yaxındır, danışdığımız dili başa düşürük. Bir də ki, biz sizi, mahnılarınızla, musiqinizlə tanımışıq.  Azərbaycan deyəndə ağlıma vəfa gəlir. Məni bura gətirən də Azərbaycana, Nuru Paşaya olan vəfadır. Yaş etibarilə bu tarixin əvvəlini bilməsək də Nuru Paşanı, Ənvər Paşanı yaxşı bilirik. Eləcə də Azərbaycanın yaşadığı sıxıntıları, ermənilərin bolşeviklərlə birlikdə, Anadoluda olduğu kimi burda da rahat durmadıqlarından xəbərdarıq. Mən 1990-ci ildə Məmməd Aslanın “Ağla qərənfil ağla” şeirinə musiqi bəstələdim. Ruslar bizi tanklarla qırmışdı və bu dərdi dünyaya hayqırmaq lazım idi. Türkiyədə elə bu adla kaset çıxarıb təqdim elədik. 


- Çətin olmadımı?


- Olsun deyə bu işi gördük. O gün o mahnını oxumalıydım və oxudum. Nəticəsinin nə olacağı maraqlı deyildi, o mənim içimdə bir yanğıydı və dilimə gətirdim. Mən onun buralara gəlib çatacağını da hesablamamışdım. Bilirsinizmi, mən o əsərləri bəstələyəndə balaca olanlar indi dövlət idarəçiliyində çalışırlar. Böyüdülər, yetişdilər və o milli ruhu yuxarılara daşıdılar. Təvazökarlıqdan uzaq olarmı, bilmirəm, amma Türkiyədə Azərbaycan gündəmdə qaldısa birinci o millətçi xəttə, ikincisi Azərbaycan türkülərinə, bir də 1990-cı ildən bəri “Ağla qərənfil, ağla” mahnısını oxuyan Hasan Sağındığa görədir. Çünki mən bütün konsertlərimdə yorulmadan, usanmadan bu mahnını, həm də rəvayətini danışaraq oxumuşam.  


- “Sarı gəlin”i hələ də erməni türküsü olaraq bilən bir cəmiyyət üçün “Ağla, qərənfil, ağla”nı bu dərəcədə tanıtmaq özü böyük işi idi. 


- Bu məsələdə Türk ədəbiyyatı jurnalının da böyük rolu var. Yoxsa Azərbaycanda Məmməd Aslanın yazdığı o şeiri o dövrdə bizə kim çatdıracaqdı?! Bu mənada yazılı mətbuatın rolunu qeyd etməmək mümkün deyil. 


- O şeir sizə çoxmu təsir elədi?


- Eləməzmi? Mən burdakı çıxışlarımda da deyirəm, biz sizi görmədən sevdik. Məsələnin gözəl tərəfi də elə budur. Görmədən sevmək. Baxın, Nəbi Xəzrinin şeirini oxuyuram, deyir, 


Səslənib küləkdə çoşub dənizdə,

Neçə yol ömrümdə tufan görmüşəm.

Siz məni bir dəfə görməsəniz də,

Mən sizi qəlbimdə hər an görmüşəm. 


Siz bizim qəlbimizdəydiniz, eynilə bu misralarda ifadə olunan kimi. “Ağla qərənfil” şeiri də mənə, məni bəstələ və insanlara çatdır, dedi. O gün bu gündür biz qərənfillərin ağlamamağı diləyilə nəğmələr söyləyib, türkülər çağırırıq. Mənim bütün Avropa konsertlərimdə Türkiyə bayrağıyla yanaşı Azərbaycan bayrağı da dalğalanır, eləcə də digər Türk dövlətlərinin bayraqları. O milli duyğular ölənə qədər davam edəcək. 


- Azərbaycandan hansı şairləri tanıyırsınız?


- Klassikləri, aşıqları dinləyirəm. Məmməd Aslanı, Bəxtiyar Vahabzadəni, Nəbi Xəzrini, Əhməd Cavadı, Şəhriyarı tanımamaq mümkündürmü? Azərbaycana biri nə isə deyəndə bilsin ki, arxasında altı dövlət var. Digər Türk dövlətlərinə də həmçinin.  


- Türkiyə Azərbaycanı lazımi qədər tanıyırmı?


- Çox təəssüf ki, indi ölkələr bir-birilərini həm də seriallar vasitəsilə tanıyır. Bu da yanlış nəticələrə gətirib çıxarır. Türkiyədə küçədə Polat Alemdar yoxdur, məsələn, Ərtuğrul bəy gəzmir, atlarla. Amma o filmlərin də verdiyi bir ruh var. Bu yaxınlaşmanın gecikməsinin bir də iqtisadi səbəbləri var. Biletlər çox bahalıdır. Türkiyə insanının könlündə Azərbaycanın yeri başqadır. İqtisadi problemlər aradan qaldırılsa hər iki ölkə daha da yaxınlaşacaq.


- Yeni layihələr varmı?


- Yaşın elə mərhələsidir ki, bundan sonra bizdə çox yenilik olmaz. Yeni albomum hazırlanıb, onun çıxarılmağını gözləyirəm. 


- Azərbaycanın bu gününə bir sözünüz varmı?


- Mən hər burdan gedəndə dolu-dolu bir Azərbaycan götürürəm, özümlə. Tək diləyim müstəqilliyi daim olsun, Bakı Bakı qalsın. 


Nigar İSFƏNDİYAR

 

20.09.2018 13:58 / Baxılıb: 978 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo