Aşura günü ilə bağlı yol polisi müraciət yayıb

Samir Soltanov/AZADİNFORM. Sabah ölkədə Aşura günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) müraciət yayıb. 

Azadinform xəbər verir ki, müraciətdə qeyd edilir ki, sentyabrın 20-də baş tutacaq Aşura günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər olaraq məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlərin bəzi qaydalara əməl etmələri tövsiyə olunur: “İlk növbədə məscidlərin və mərasim keçiriləcək digər yerlərin yaxınlığında avtomobili yolu hərəkət hissəsində, ikinci və üçüncü cərgədə saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır. Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar. Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar. 

Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır. Bir qədər kənarda, başqa küçədə park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı”. 

BDYPİ ümumiyyətlə, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edir.

19.09.2018 19:00 / Baxılıb: 179 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo