Məişət zorakılığına məruz qalan 113 uşağa müxtəlif növ yardım göstərilib

Adəm Abbaslı/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin Məişət zorakılığına məruz qalan uşaqlar üçün yardım Mərkəzi tərəfindən bu il 113 nəfərə müxtəlif növ yardım göstərilib.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, yardım göstərilən 22 nəfər uşağın fiziki, 5 nəfərin cinsi, 30 nəfərin psixoloji, 9 nəfərin isə iqtisadi zorakılığa məruz qaldığı müəyyən edilib. Bundan başqa, uşaqları zorakılığa məruz qalmış 4 valideynə müvafiq rayonun İcra Hakimiyyəti tərəfindən qısamüddətli mühafizə orderinin alınması təmin edilib. Boşanma ərəfəsində olan 6 ailənin üzvünə göstərilmiş hüquqi yardım və davamlı psixoloji seanslar nəticəsində onların barışığına nail olunub.

Məktəb yaşına çatmış 12 uşaq məkətəbə hazırlıq proqramı üzrə hazırlıq keçib, 6 uşaq bağçaya yerləşdirilib, 7 uşağa ilkin tibbi yardım göstərilib və müalicələrinin davamı üçün tibb müəssisələrinə yönləndirilib. İki ananın 4 uşaq ilə birlikdə sığınacağda məskunlaşması təmin olunub. Risk qrupuna aid edilən valideynlərdən 4 nəfəri işlə təmin edilib.

Məlumat üçün bildirək ki, Mərkəzin fəaliyyət dairəsi Sumqayıt, Quba, Qusar, Şabran, Xaçmaz və digər ətraf şəhər və rayonları əhatə edir. Mərkəzdə sosial işçi, hüquqşünas, psixoloq, pedaqoq, tibb bacısı və defektoloq fəaliyyət göstərir.

19.09.2018 16:40 / Baxılıb: 283 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo