Paşinyan küçə hərəkatı ilə əldə etdiyi hakimiyyəti küçə siyasəti vasitəsilə əlində saxlamağa çalışır

AZADİNFORM. “Ermənistanda aprel ayında baş verən hadisələrdən sonra hakimiyyətə gələn Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən sərsəm fikirləri və Azərbaycanın əleyhinə səsləndirdiyi cəfəng iddialarıyla əslində, elə küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilmədiyini sübut etdi”.

Azadinform xəbər verir ki, bu fikirləri millət vəkili Hikmət Babaoğlu bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan bu müddət ərzində təmkinli və soyuqqanlı davranmaqla öz hərbi-siyasi gücünə nə qədər arxayın olduğunu nümayiş etdirdi. Ermənistanda hamının bildiyi bir gerçəklik var ki, əgər havadarları əllərini bu ölkənin arxasından çəksə, Cənubi Qafqazda belə dövlətin mövcud olması mümkün olmayacaq: “2016-cı il aprel döyüşlərində Ermənistan əhalisinin əksəriyyəti lazımi əşyalarını toplayaraq ölkədən qaçmağa hazırlaşırdılar. Siyasilər isə Azərbaycan Ordusunu dayandırmaq üçün yalvarmadıqları dövlət buraxmamışdılar. İndi öz siyasi çərənləmələriylə hər kəsi bezdirən Paşinyan küçə hərəkatı ilə əldə etdiyi hakimiyyəti elə küçə siyasəti vasitəsilə də əlində saxlamağa çalışır. Ancaq bunun mümkün olmadığını gördükdə əhalinin aqressiyasını neytrallaşdırmaq üçün Azərbaycana qarşı verdiyi bəyanatları özünə siyasi sipər etmək istəyir. Azərbaycan Prezidenti İlham Əliyev isə bunun müqabilində bir tərəfdən hərbi-diplomatik yollarla özünə müttəfiqlər yaradır, digər tərəfdən isə ordu quruculuğu işlərini keyfiyyətcə yeni mərhələyə qaldırır. Cənab Prezident Biləsuvar rayonuna səfər edərkən bir daha işğalçı dövlət olan Ermənistana 2016-cı ilin aprel döyüşlərini, 2018-ci ilin Günnüt döyüşlərini xatırladaraq Azərbaycan ordusunun nəyə qadir olduğunu bir daha düşmənin yadına saldı. Prezident qeyd etdi ki, bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik”.

H. Babaoğlu onu da qeyd edib ki, düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz: “Baxın, bir neçə gün bundan əvvəl ermənilərin silahlı təxribatı nəticəsində sərhəddə atışma olub və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Yaxşı olar ki, Paşinyan özünün sərsəm açıqlamaları müqabilində Azərbaycan tərəfinin bu qətiyyətli addımlarını nəzərə alsın və Azərbaycan torpaqlarını işğaldan azad etmək barədə düşünsün. Əks təqdirdə, onu sələflərinin aqibətindən də pis aqibət gözləyə bilər”.

19.09.2018 16:30 / Baxılıb: 179 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo