İKT inkişafı Azərbaycan hökumətinin gündəliyində prioritet sahələrdən biridir

Samir Soltanov/AZADİNFORM. “Biz yüksək texnologiyalar dövründə yaşayırıq. Süni zəka, bulud tipli məlumat bazası, əşyaların interneti və cihazlararası uzlaşma (M2M) texnologiyaları qlobal tendensiyalardır. Bu texnologiyaların inkişafı və dördüncü sənaye inqilabı ölkələr və hökumətlərə həyat keyfiyyətini artırmaq və insanların həyat səviyyəsini yaxşılaşdırmaqla ictimai xidmətlərdə keyfiyyəti və şəffaflığı təkmilləşdirmək üçün yeni iqtisadi imkanlar yaradacaq”. 

Azadinform xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumu tərəfindən keçirilən yeni çempionların illik görüşü çərçivəsində Avrasiya panelində inklüziv rəqəmsal inkişafa dair çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, bu sahədə sərmayələr hər bir ölkənin gələcəkdə davamlı inkişafında mühüm rol oynayır: “Qəbul edirik ki, əgər biz ortaq rifah üzərində qurulan bir gələcək yaratmaq istəyiriksə, rəqəmsal texnologiya vacib olacaq. Faktiki olaraq, texnoloji innovasiya sürətləndikcə, bu, inklüziv artım üçün ən yaxşı cığır ola bilər. Rəqəmsal iqtisadiyyatın əsaslarını möhkəmlətməklə hökumətlər bu xüsusda əsas rol oynayırlar. Biz sahibkarlıq subyektlərinin rəqəmsal texnologiyaların rəqabətə və yeniliklərə üstünlük verməsinə imkan verən siyasət və qaydaları inkişaf etdirməliyik”. 

Nazir qeyd edib ki, Azərbaycana gəldikdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir: “Biz yüksək texnologiyaları davamlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi tanıyırıq və bu sektorun inkişafı üçün zəruri addımlar atırıq. Qlobal iqtisadiyyatda dəyişikliklər informasiya və kommunikasiya texnologiyalarını ölkədə ən sürətlə inkişaf edən sektorlardan biri etdi. Belə ki, hal-hazırda enerji və nəqliyyatdan sonra bu, ölkənin üçüncü vacib iqtisadi sektorudur. Azərbaycan Respublikasının informasiya və telekommunikasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi 2016-cı ildə Prezidentin sərəncamı ilə təsdiq edilib. Bu, İKT sektorunun inkişafının müxtəlif aspektlərini, habelə müvafiq tənzimləyici məsələləri əhatə edir. Siyasi çərçivələri və idarəetmə protokollarını hazırlayarkən biz elmi tərəqqi və innovativ inkişafa böyük diqqət ayırırıq. Ölkə əsas hədəflərdən bir neçəsi qismində rəqəmsal ticarət, transsərhəd məlumat axınları, blokçeyn və bölüşdürülmüş kitabça texnologiyasına diqqət ayırır.

Ölkə əhalisinin 79 faizi internet istifadəçisidir, onların 72 faizi genişzolaqlı internetdən istifadə edir. İlbəil evlərin internetə çıxışı artır və indi bu 77.2 faizdir. Rəqəmsal televiziya yayımına keçid tamamlanıb. Bununla yanaşı, “Azerspace-1” telekommunikasiya peyki, “Azersky” yer səthinin müşahidə peyki uğurla fəaliyyət göstərir və müasir peyk xidmətlərini təmin edirlər”.

XİN rəhbərinin sözlərinə görə, Azərbaycan bütün dövlət təşkilatlarından 30 milyon dəfə tətbiq edilmiş 450 növ xidmətdən çox olmaqla blokçeyn texnologiyasına əsaslanan eGov portalı təsis edib: “Hal-hazırda gömrük bəyannamələrinin 100 faizi, vergi bəyannamələrinin 90 faizi, əmək müqavilələrinin 100 faizi və qaimələrin 100 faizi onlayn qaydada yerinə yetirilir.

Milli malların onlayn kataloqunu yaratmaqla yanaşı, yeni xarici bazarlara çıxış üçün Rəqəmsal Ticarət Mərkəzi (RTM), dövlət özəl tərəfdaşlıq platforması yaradılmışdır. Bu platformanın əsas məqsədi bütün lazımi xidmətlər göstərməkdir, həmçinin öz məhsullarını ixrac etmək istəyən sahibkarlar, xırda və orta sahibkarlara lisenziyalar, icazələr, sertifikatlar və ödəniş imkanları təmin etməkdir. Azərbaycanın Rəqəmsal Ticarət Mərkəzi yerli və regional səviyyədə inkişaf edir. 2016-ci ildə əsası qoyulduqdan sonra fəaliyyətinin ilk ilində 74 ölkədən sifariş edilmiş 475 milyon ABŞ dolları dəyərində mallar istehsal olunub”.

19.09.2018 15:53 / Baxılıb: 137 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo