Parad Azərbaycan ordusunun gücünün beynəlxalq aləm üçün prezentasiyası idi

AZADİNFORM. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurduğu ordunun regionda birinci, dünyada isə 50-ci olduğunu qürurla bəyan etdi”. 

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Azərbaycan ordusunun gücünü Ermənistanın davranışı da təsdiq edir: “Bu çox mühüm göstəricidir. Çünki Azərbaycan ordusunun qarşında duran bir nömrəli vəzifə torpaqlarımızı işğaldan azad etməkdir, torpağımızı işğal edən isə Ermənistandır. Havadarlı və ya havadarsız olmasının bizə dəxli yoxdur, torpaqlarımızı azad edəcəyik. Amma 90-cı illərdəki rüsvayçı məğlubiyyətimiz indi də Azərbaycan ordusunun gücünə pessimist yanaşanların sayının azalmasına imkan vermir. Buna görə beynəlxalq aləm Azərbaycanın torpaqlarını işğaldan azad etmək hüququnu tanısa da müharibəni başlamağımıza müsbət yanaşmır. Azərbaycan ordusunun gücünə beynəlxalq aləmi inandırmaq hal-hazırda ölkə rəhbərliyinin ən ümdə məsələsi idi. Bunu parad vasitəsilə etmək Prezident İlham Əliyevin çox orijinal ideyalarından biridir. Çünki iyunun 26-da parad keçirilmişdi. Təxminən 2 ay ərzində yeni parad keçirilirsə, bunu heç bir şərt daxilində təsadüfi hesab etmək olmaz”.

Politoloq qeyd edib ki, paraddan əvvəl və az sonra baş verənlər bu rakursdan diqqəti çox çəkir:

I. İsrailin müdafiə naziri A.Liberman 5 günlük səfərlə Azərbaycanda oldu, çoxsaylı görüşlər keçirdi. Amma bu görüşlərə digər bir rakursdan yanaşmaq da daha düzgündür: Silah ticarətində İsrail Azərbaycanın Rusiyadan sonra ikinci ən böyük tərəfdaşıdır. A.Liberman  ölkəsinin Azərbaycana satdığı silahların etibarlılığına yerindəcə təminat verdi.

II. Türkiyə prezidenti R.T.Ərdoğan paradda tam proqram üzrə iştirak etdi. Hətta demək olar ki, paradın təşkilində ən əsas faktor Türkiyə prezidenti R.T.Ərdoğanın iştirakı idi. R.T.Ərdoğan bütün dünya liderlərinə Azərbaycan ordusunun güclü olduğu fikrini aşılayacaqdır. Beləliklə beynəlxalq aləmdə Azərbaycan ordusunun gücünə inam artacaqdır. Paradın rəsmi tərtibatı Türkiyə qoşunlarının 100 il bundan qabaq Azərbaycancan ordusu ilə birlikdə Bakını, eləcə də Azərbaycanın qalan regionlarını bolşevik adı altında fəaliyyət göstərən erməni daşnaklarından və digər düşmən qüvvələrdən azad olunmasının 100 illiyinə həsr olunmuşdu. Möhtəşəm parad idi. Amma 100 illik yubileyi siyasi elementlərlə zəngin mərasimlə də qeyd etmək olardı. 

III. Prezident İlham Əliyev RF-də prezident V.Putinlə bütün münasibətlər sisteminə yeni stimul verən görüş keçirdi. Görüş zamanı Dağlıq Qarabağ məsələsi də müzakirə olundu. RF prezidenti V.Putin də bilir ki, Azərbaycan ordusu qısa müddət ərzində konkret məkanda uğurlu döyüş aparmaq qabiliyyətinə malikdir və bu müharibəyə digər kənar dövlətlər qarışa bilməyəcək. 

IV. Paradın sabahı günü Prezidentin oğlu Heydər Əliyevin andiçmə mərasimi keçirildi. Prezident ailə üzvləri ilə birlikdə andiçmə mərasimində iştirak etdilər. Hər iki valideynin övladlarının hərbi xidmətdə olmasından qürurlandığı aydın görünürdü. Babası Heydər Əliyev kimi nəvə Heydər Əliyev də dövlət və ya milli təhlükəsizlik strukturunda xidmət edir. MTX-nın bu hərbi bölməsi Azərbaycanın istənilən ərazilərində, o cümlədən işğal olunmuş ərazilərimizin və dövlət sərhədimizin istənilən ərazisində peyda ola bilər. Bunu ağıl və savada müharibə elan etmiş Ermənistanın baş naziri N.Paşinyanın anlaması çox vacibdir. Başa düşsün ki, Xankəndinə (Stepanakert) bayraq sancacaq Azərbaycan vətəndaşı artıq ordudadır”. 

M.Əhmədoğlu əlavə edib ki, Azərbaycan ordusu Dağlıq Qarabağ probleminin birdəfəlik həllinin yeganə mənbəyinə çevrilib. Çünki Ermənistan tərəfi başqa varianta yer saxlamadı. Parad həm də bunun mesajı idi.

19.09.2018 10:41 / Baxılıb: 131 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo