Bu münasibətlər tarix durduqca yaşayacaq

Nərgiz Məmməd/AZADİNFORM. “Bakının işğaldan azad edilməsi münasibətilə təşkil olunan təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Prezidentimizin bu sözləri Türkiyə-Azərbaycan münasibətlərinin son yüz ildəki və bugünkü vəziyyətinin ən yaxşı təsviri və təsbitidir”.

Azadinform xəbər verir ki, bu fikirləri millət vəkili Hikmət Babaoğlu bildirib. Millət vəkili qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığı və müttəfiqliyi bu və ya digər siyasi-iqtisadi maraqlarla izah edilə biləcək hadisə deyil, daha alt qatlarda xalqlarımızın birliyindən, bir millət, iki dövlət olmanın reallığından doğulan hadisədir: “Bu gün də, elə yüz il bundan qabaq da beynəlxalq münasibətlər sistemində xalqlar öz maraqlarını qorumaq yarışı və rəqabəti içərisində idilər. Türkiyə və Azərbaycan xalqları bir millət olduğu üçün milli maraqları da eyni olub. Belə tarixi təbii müttəfiqlik isə həmişə ölkələrimizin inkişafı və təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verib. Ona görə də hazırkı mürəkkəb beynəlxalq şərtlər içərisində də milli maraqlarımızın və ümumi mənafeyimizin təmin olunması birlikdə olmağımızdan keçir”.

H. Babaoğlu qeyd edib ki, Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı tədbirlərin belə təntənəli şəkildə keçirilməsinin bir səbəbi də tarixi yaddaşımızı yeniləmək və gənc nəslə bunu yenidən təbliğ etməkdən ibarət idi. Çünki tarixi yaddaş milli yaddaşın ən əsas komponentlərindən biridir: “Tarixi yaddaşı olmayan xalq alzaymer xəstəsinə bənzəyir. Hamı onu tanıyır, o isə heç kəsi, nə dostunu nə də düşmənini tanımır. Ona görə də bəzən tarixi yaddaşın elə bu şəkildə, kütləvi və teatral formada yenilənməsinə çox böyük ehtiyac var. Prezident İlham Əliyev məhz bunları nəzərdə tutaraq bildirdi ki, sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaq. Doğurdan da bu mühüm tarixi hadisə əslində Türkiyə -Azərbaycan münasibətlərinin həm çoxəsirlik qardaşlığının bir növ xülasəsi, həm də yeni yüzillikdəki münasibətlərinin gələcəyinin təməl daşları idi. Bu münasibətlər tarix durduqca yaşayacaq və xalqlarımızın birgə gələcəyinin qardaşlıq əsasında qurulmasına öz böyük tohfəsini verəcək. Ona görə də Prezident İlham Əliyev qeyd etdi ki, bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir. Düşünürəm ki, bu sözlərin özü də elə tarixi sözlərdir və Türkiyə-Azərbaycan qardaşlığının gələcəyi üçün mühüm əhəmiyyətli siyasi tezislərdir”.

17.09.2018 17:35 / Baxılıb: 305 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo