İrəlinin SAY:Cümhuriyyət layihəsi başa çatıb

AZADİNFORM. Gənclər və İdman Nazirliyinin dəstəyi(GİN), “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə  SAY hərəkatının 7-ci fəaliyyəti olan “Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)” layihəsi başa çatıb.

SAY hərəkatının yeddinci fəaliyyəti çərçivəsində təşkil olunan layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Layihənin məqsədi Azərbaycanda könüllülük ideyalarının aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması, sağlam həyat tərzinin təbliği ilə gəncliyin inkişafına təkan vermək, Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların fəal iştirakını təmin etmək, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdır.

6 gün davam edən düşərgədə açıq hava şəraitində qurulan çadırlarda qalan gənclər “Komanda quruculuğu”, “Cümhuriyyət tarixi” kimi təlim və seminarlarda iştirak edib, sağlam həyat tərzinin təbliği olaraq voleybol, ipdartma, maneəli qaçış kimi idman oyunları, komandalar arasında müxtəlif intellektual yarışlar keçirilib. Layihə iştirakçıları "Nə? Harda? Nə zaman?", "Xəmsə", "Vətəni tanı" oyunlarında öz intellektual biliklərini sınayıblar.  Komandalar arasında simulyasiya keçirilib. Simulyasiyanın mövzusu "Paris sülh konfransı" olub. Komandalar müxtəlif dövlətləri təmsil edib və müzakirələr aparıblar.

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov iştirakçılar ilə görüş keçirib. Hər zaman dövlət gənclər siyasətini dəstəklədiklərini, Azərbaycanda könüllülük hərəkatının gənclərimizin yüksək fəallıq nümayiş etdirdiyi sahələrdən olduğunu vurğulayıb. 

“SAY:Cümhuriyyət” layihəsinin sonuncu günündə bağlanış tədbiri baş tutub. Layihənin son günü layihə iştirakçıları, komanda rəhbərləri, təşkilatçılar layihə haqqında öz fikirlərini bildiriblər. Sonda xatirə şəkili çəkildikdən sonra iştirakçılar "Hirkan" Milli parkını ziyarət ediblər.

"İrəli" İctimai Birliyi  "SAY: Support of Azerbaijan Youth"  hərəkatı adı altında "SAY:Könüllülük Akademiyası", "SAY: Green", "SAY: Multikulturalizm", "SAY: Volunteering Festival", “SAY: Solidarity”, “SAY: All Star” kimi böyük layihələri Quba, Gəncə, İsmayıllı, Oğuz, Balakən şəhər və rayonlarında həyata keçirib və 100-lərlə gənci öz ətrafında toplamağı bacarıb. Adıçəkilən layihələrdə hədəf götürülən məqsəd və istiqamətlər müvafiq olaraq gənclərdə könüllülük ideyalarının aşılanması və inkişafı, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi və onların hərtərəfli formalaşmasına şərait yaratmaq olub. Eyni zamanda, beynəlxalq və yerli tədbirlərdə gənclərin fəal iştirakına stimul vermək və Azərbaycanda könüllülük fəaliyyətinin təbliğ olunması ilə könüllülərin peşəkarlığının artırılması, onların təlimatlandırılması və ixtisaslaşdırılması əsas hədəflərdir.

Layihə çərçivəsində gender bərabərliyi qorunmaqla 18-25 yaşlı gənclər (40 oğlan və 40 qız) Lənkəran şəhərində düşərgə şəraitində müxtəlif fiziki və simulyasiya oyunlarında, müzakirələrdə, peşəkar təlimçilərin iştirakı ilə seminarlarda, tanınmış şəxslərlə görüşlərdə iştirak ediblər.

"SAY:Cümhuriyyət" layihəsi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında Sərancamına əsasən, eyni zamanda Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunan"Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının" 5.7.5. maddəsində Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi" bəndinə uyğun olaraq həyata keçirilib.

17.09.2018 15:15 / Baxılıb: 227 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo