YAP və Monteneqro Sosialistlərinin Demokratik Partiyası arasında geniş əlaqələr mövcuddur

Samir Soltanov/AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizdə səfərdə olan Monteneqro Sosialistlərinin Demokratik Partiyasının nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə Azadinform-a Yeni Azərbaycan Partiyasından məlumat verilib. 

Siyavuş Novruzov bu səfərin partiyalar arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib. O deyib ki, YAP-la Monteneqro Sosialistlərinin Demokratik Partiyasının geniş əlaqələr mövcuddur. Partiyalar arasında əməkdaşlıq haqqında sənədin də imzalandığını, qarşılıqlı səfərlərin baş tutduğunu xatırladan S.Novruzov bütün bunların əlaqələrin inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Siyavuş Novruzov tərəflərin, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən NATO Parlament Assambleyası çərçivəsində də fəal əməkdaşlıq etdiyini söyləyib. 

Azərbaycanla Monteneqro arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən YAP icra katibinin müavini hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin, eləcə də dövlətlər arasında imzalanmış sənədlərin münasibətlərin genişlənməsində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, o cümlədən turizm sahəsində əlaqələr yüksələn xətlə inkişaf edir. Dövlətlər və partiyalar arasında münasibətlər bütövlükdə xalqlarımız arasında əlaqələrin inkişafına xidmət edir. 

Monteneqro Sosialistlərinin Demokratik Partiyasının siyasi məsələlər üzrə direktoru Tarzan Miloşeviç Azərbaycana səfər etmələrindən məmnunluğunu bildirib. Azərbaycanla Monteneqro arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu deyən Tarzan Miloşeviç bu münasibətlərin inkişafında dövlət başçılarının rolunu xüsusi vurğulayıb. 

Münasibətlərin bir çox sahələri əhatə etdiyini vurğulayan qonaq Azərbaycanın Monteneqroya böyük sərmayə yatırdığını xüsusi vurğulayıb. Azərbaycan dövləti tərəfindən Monteneqroda ən müasir standartlara cavab verən uşaq bağçasının tikilib istifadəyə verildiyini qeyd edən Tarzan Miloşeviç bildirib ki, bu hadisə ölkəsində minnətdarlıqla qarşılanır. O, bütün sahələrdə olduğu kimi, partiyalar arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib. 

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. 

Görüşdə YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edib.

14.09.2018 18:32 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo