Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşasına 3 milyon manat ayrılıb

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamda bildirilir: 

Əhalinin keyfiyyətli içməli su, eləcə də kanalizasiya xidmətləri ilə təmin edilməsi sosial siyasətin əsas hədəflərindəndir. Bu baxımdan, respublikanın bütün regionlarında yerləşən yaşayış məntəqələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmətlərin sabitliyinin və keyfiyyətinin artırılmasına xidmət edən layihələrin icrası müvəffəqiyyətlə davam etdirilir. İcra olunan layihələr çərçivəsində kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması istiqamətində mövcud kanalizasiya şəbəkə və qurğularının cari təmiri, təmizlənməsi, təftişi, yeni kanalizasiya kollektorlarının inşası işlərinə xüsusi diqqət yetirilir. 

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. Bakı şəhərinin Bayıl, 20-ci sahə, Şıx qəsəbələrində formalaşan tullantı sularının nəql edilməsi, Bakı körfəzinə dənizkənarı zonadan tullantı sularının axmasının qarşısını almaq üçün Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 3,0 (üç) milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

14.09.2018 18:08 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo