Valideynlər uşaqları şiddət görüntüsündən uzaq tutmalıdırlar

Şəfa Tapdıq/AZADİNFORM. “Məhərrəmlik ayında müəyyən mərasimlərdə, ələlxüsus Aşura günündə bizim cəmiyyətə yad olan, mənfi enerji saçan, xoş görünməyən hərəkətlər sərgilənir. Adamlar özünü döyməyə, qan çıxartmağa çalışırlar. Bu isə ən çox uşaq psixologiyasına mənfi təsir edir”.

Azadinform xəbər verir ki, bu sözləri psixoloq Gülnarə Əliyeva deyib.

Psixoloq bildirib ki, uşaqları qorumaq üçün böyüklər, dindar olanlar belə, bu mərasimlərə qoşulmamalıdırlar və həmin günlərdə uşaqları məscidlərdən, bu cür mərasim yerlərindən uzaq tutsalar yaxşı olar: “Düzdür, biz realda uşaqlarımızı bu cür yerlərdən uzaq tuta bilərik. Amma uşaqlar bu görüntüləri TV və ya internetdə də izləyə bilərlər. Maksimum çalışmaq lazımdır ki, azyaşlılar paylaşılan görüntüləri görməsin. Çünki bu cür şiddət olan görüntülər uşaqların psixologiyasına ciddi travmalar vurur. Valideynlərə tövsiyə edirik ki, uşaqlar ümumiyyətlə belə şeylərdən uzaq tutulsun. Hətta qəssabxanada və ya digər yerlərdə heyvanların kəsilməsini də görməsinlər. Uşaq bu görüntüləri görməməlidir. Çünki o, nə baş verdiyini anlamır və gördüyü həmin şiddəti evdə, bağçada tətbiq etməyə başlayır. Yəni uşaq aqressivləşir. Uşaqların yaşı artdıqca daha ciddi problemlərə rast gəlirik. Bəzi valideynlər hesab edirlər ki, bir dəfə görməklə heç nə olmaz. Bu o demək deyil ki, indi heç nə olmadı, heç bir zərər vermədi. Bu travma artıq beyində yer elədi”.

Psixoloq qeyd edib ki, bundan sonra uşaqlarda depressiyaya meylilik formalaşa bilər. Travma almış uşaqlarda yuxu pozğunluğu da yaranır. Həmçinin həddən artıq həyəcanlanan insanlara çevrilirlər: “Bu gedişat isə təəssüf ki, şəxsiyyət pozğunluğuna gətirib çıxarır”.

G. Əliyeva bildirib ki, hər insanın psixologiyası eyni deyil. Bir görüntü birinə az, digərinə çox dərəcədə pis təsir edə bilər. Amma hamıya mütləq pis təsiri olur: “Uşağımızı tanıyırıq, o möhkəmdir, eybi yox, öyrənsin” kimi fikirlər deyilməməlidir. Uşaqları qəti şəkildə şiddətə məruz qoymaq olmaz”.

Belə travmaların uşaqlarda hansı problemlər yaratmasından da danışan psixoloq ilk olaraq, qorxunun formalaşdığını deyib: “Onlar tez-tez səksənirlər. Həddindən çox travma almış uşaqlarda fiziki ağrılar da ola bilər – baş ağrısı, mədə bulantısı və s. Məktəbdə müvəffəqiyyətsiz olma, akademik uğurun aşağı düşməsi, özgüvənin itirilməsi, intihara meyllilik kimi hallar baş verə bilər. Qarabasmalar, kabus görmələr, yuxu sisteminin pozulması yaşana bilər. Dil inkişafında problemlər, altını islatmalar, ətrafındakı hamıya şübhə ilə yanaşmalar, güvənsizlik kimi mənfi nəticələr ola bilər. Uşaq kiminsə özünə və ya ətrafındakına şiddət tətbiq etdiyini görürsə, bu, onun başqaları ilə münasibət qurmasına birbaşa təsir edir. Nəticədə, özünəqapanma yaşanır. Həmçinin, fikrini cəmləmə problemi yaranır. Ona görə də valideynlər uşaqları mütləq şəkildə şiddət görüntüsündən uzaq tutmalıdırlar”.

14.09.2018 16:38 / Baxılıb: 219 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo