Xəzərin çirkləndirilməsi ilə bağlı bir neçə qurumda pozuntu aşkarlandı

Şəfa Tapdıq/ AZADİNFORM. "Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır. Xəzər dənizinin sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri və ictimai-iaşə obyektləri tərəfindən, üzən vasitələrdən dənizin çirkləndirilməsini, vətəndaşlar tərəfindən ətraf ərazilərin zibillənməsini xüsusi qeyd etmək olar. Belə hallar Xəzərin ekoloji vəziyyətinin pisləşməsinə, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, eyni zamanda ekoturizmin inkişafına mənfi təsir göstərir".

Azadinform xəbər verir ki, bu sözləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən tədbir zamanı nazirliyin əməkdaşı Faiq Mütəllimov deyib. Bildirib ki, ETSN tərəfindən Xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq aksiyalar, reydlər və maarifləndirilmə tədbirləri həyata keçirilir: "Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasında vətəndaşların və xüsusilə də ictimaiyyətin rolu əvəzsizdir. Bu təkcə bir qurumun işi və vəzifəsi deyil, bütün aidiyyəti qurumlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Ona görə ictimaiyyət nümayəndələri və vətəndaşlar bu məsələyə daha həssas yanaşmalıdırlar. Ətraf mühitin çirkləndirilməsi hallarının şahidi olduqda 24 saat ərzində fəaliyyət göstərən Nazirliyin 168 nömrəli  “Qaynar xətt” xidmətinə məlumat verilməsi xahiş olunur".

F. Mütəllimov bildirib ki, ETSN və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər dənizində mövcud vəziyyəti yaxşılaşdırmaq və çirkləndirmənin qarşısını almaq məqsədilə Xaçmaz, Astara, Lənkəran rayonları, Sumqayıt şəhəri və Bakı şəhərinin Binəqədi və Sabunçu rayonlarının Xəzər sahili ərazilərində birgə reydlər keçirilib. 

Reydlər zamanı Xəzər sahilində yerləşən bəzi istirahət mərkəzlərində və ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların düzgün idarə olunmadığı müəyyən edilib. Məişət tullantılarının qalaqlanması və çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizə axıdılması ilə bağlı 46 fakt aşkar olunub. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib və onlar inzibati qaydada cərimə ediliblər: "Sevindirici haldır ki, keçirilən reydlərin nəticəsi olaraq artıq bəzi obyekt sahibləri tərəfindən verilən göstərişlərin icrası təmin edilib. Lənkəran və Astara rayonları və Bakı şəhərinin Sabunçu rayonunda obyektlər tərəfindən məcburi göstərişlər yerinə yetirilib və tullantıların təmizlənməsi təmin olunub. Digər rayonlarda isə hazırda bu istiqamətdə tədbirlər görülməkdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən görülən tədbirlər Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib. Tərəfimizdən mümkün olan hər şey edilir ki, Xəzər ekoloji sabitlik zonasına çevrilsin".

F. Mütəllimov onu da deyib ki, Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunması və gəmilərdən çirkləndirmənin qarşısının alınması istiqamətində nəzarətin gücləndirilməsi məqsədilə ETSN tərəfindən reydlərin keçirilməsinə başlanılıb.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizə Departamenti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda gəmiçilik təsərrüfatı ilə məşğul olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində, “Xəzər Dəniz Neft Donanma” İdarəsində, “Dəniz Nəqliyyat Donanma” İdarəsində və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Təlim Tədris Mərkəzində “Ətraf mühitin mühafizəsi haqqında”, “Su məcəlləsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” qanunların və digər qəbul olunmuş normativ hüquqi aktların tələblərinin icra vəziyyəti araşdırılıb. 

Aparılmış araşdırmalar zamanı adı çəkilən hər bir müəssisədə bu və ya digər qanuna riayət edilmədiyi faktları aşkar edilib və Protokollar tərtib edilərək cərimələr tətbiq olunub: "Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan müddətli “məcburi göstərişlər” verilib.  

Bu istiqamətdə reydlər davam etdirilir".

14.09.2018 12:00 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo