Ermənistan 2016-cı ilin aprelindəkindən daha dəhşətli bir reallıqla üzləşəcək Millət vəkili

Nərgiz Məmməd/AZADİNFORM. “Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaq - bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev səsləndirdi. Təbii ki, dövlət başçımız Ermənistanın yeni rəhbərliyinin konstruktiv mövqe tutacağına ümid etdiyini deyərkən heç də bunu Nikol Paşinyan kimi populist və səbatsız bir adama dayanaraq dilə gətirmir”.

Azadinform xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev bildirib. S. Alıyevin fikrincə, onun bu ümidinin kökündə Ermənistan üzərində böyük və müəyyən qədər təsiri olan iki dövlətin, Rusiyayla Almaniyanın rəhbərlərinin- Putinlə Merkelin problemin həllində səy göstərəcəkləri haqda vədləri durur: “Düzdür, Soçi görüşündən sonra cənab Putin bu haqda açıqlama verərkən konkretliyə varmadan "Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək" deməklə kifayətlənmişdi. Almaniya Kansleri isə Bakıda olarkən Dağlıq Qarabağ problemindən danışarkən belə bir açıqlamada bulunmuşdu - "Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə bilər". Təbii ki, bağlı qapılar arxasındakı görüşdə onlar bununla bağlı daha detallı və açıq danışırlar. Azərbaycanın dövlət başçısı da onlara ümid bəslədiyini deyir. Və Nikol Paşinyanın özündən çox Angela Merkelə jest edərək ona öz təbirincə desək, "20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim"in başında duranlardan fərqli yanaşma sərgiləyə biləcəyini ortaya qoyur. Ancaq bir şərtlə - yeni hay baş nazir danışıqlara, özü də konstruktiv danışıqlara hazır olduğunu tez bir zamanda göstərsin”.

Millət vəkili hesab edir ki, bu, populistlik yox, məsuliyyətli davranış və fədakarlıq tələb edir: “Əgər Paşinyan ona verilən bu fürsətdən faydalanmasa, ən yaxşı halda hakimiyyətdən gedişi sürətlənəcək. Ən pis variant isə odur ki, Ermənistan, eləcə də onun rəhbərliyi 2016-cı ilin aprelindəkindən daha dəhşətli bir reallıqla üzləşəcək və ola da bilsin, Dağlıq Qarabağdan göndərilən "200 saylı yük"lərdən biri də paşinyanların evinə gedəcək”.

4.09.2018 14:00 / Baxılıb: 184 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo