Pensiya yaşına çatmış şəxslər üçün bayram tədbiri keçirilib - FOTO

Adəm Abbaslı/AZADİNFORM. Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri keçirilib.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, tədbirdə nazirlik Aparatının rəhbəri Anar Əliyev Qurban bayramı münasibətilə müəssisənin sakinlərini təbrik edib, xoş arzularını çatdırıb. 

Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun uğurlarından biri kimi, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşdığını, o cümlədən dövlət himayəsində yaşayan insanların, habelə pensiya yaşına çatmış şəxslərin diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb. Aparat rəhbəri bildirib ki, dövlət başçısının tapşırığı əsasında son illərdə  Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb, eyni zamanda, müəssisə üçün 5 mərtəbəli 170 yerlik yeni korpus inşa olunaraq istifadəyə verilib. 

A.Əliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizm təcəssümü olan təşəbbüs və layihələrinin dövlət himayəsində yaşayan insanları da əhatə etdiyini vurğulayıb. O, Heydər Əliyev Fondunun dəstəyi ilə nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblər səviyyəsində şərait yaradıldığını diqqətə çatdırıb. Aparat rəhbəri Heydər Əliyev Fondunun sosial əhəmiyyət kəsb edən layihələrinin, humanitar aksiyalarının sosial cəhətdən həssas qruplara, o cümlədən dövlət himayəsində yaşayan insanlara qayğının artırılmasında mühüm rol oynadığını vurğulayıb. 

Hazırda 220 nəfərin yaşadığı Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində sakinlərin rahat yaşayışı, mədəni istirahəti üçün hər cür şəraitin olduğu, onların təminatlarının yaxşılaşdırılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi qeyd olunub.

Tədbirdə müəssisənin sakinləri də onlara göstərilən yüksək diqqət və qayğıya, burada pensiya yaşına çatmış şəxslər üçün yaradılan şəraitə, eləcə də sosial təminatlarının daim artırılmasına görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Tədbir incəsənət ustalarının ifasında musiqili proqramla davam edib.

21.08.2018 18:25 / Baxılıb: 292 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo