Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib

Adəm Abbaslı/AZADİNFORM. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

İdarədən Azadinform-a verilən məlumata görə, təbrikdə deyilir: "Bismillahir-rəhmanir-rəhim! Əziz müsəlman bacı və qardaşlarım, möhtərəm həmvətənlərim!

Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, səylərimiz və qurbanlarımızın Allah dərgahında qəbul olunmasını diləyirik.

İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Peygəmbərimiz Həzrət İbrahim əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramı Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlər boyu insanlar arasında ülfət, qardaşlıq və mehribanlığın yaranmasına, onların həmrəyliyinə, mənəvi saflaşmasına, imanlarının kamilləşməsinə xidmət edir.

İslami dəyərlərə önəm verən dövlətimizin yaratdığı şərait sayəsində bizə bu mübarək bayramı yüksək səviyyədə qeyd etmək səadəti nəsib olmuşdur. Bu əziz gündə həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində ibadət və dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyev həzrətlərinin ruhuna Allahdan rəhmət diləyir, onun layiqli yolunun davamçısı prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, dövlətçiliyimizi möhkəmlətmək, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması, əzəli torpaqlarımıza Böyük Qayıdışımız yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar.

Bu münəvvər gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik. Bütün dualarımız Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığıdır.

Valideynlər, doğmalarla yanaşı qaçqın, köçkün, kimsəsiz, ehtiyacı olan soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, sevincini onlarla paylaşmaq, maddi və mənəvi cəhətdən yardımlaşmaq Allaha xoş gedən savab əməllərdəndir.

Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımızı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirik. Qoy həmvətənlərimizin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Müsəlman ümmətinin ən böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala ibadət, qurban və dualarımızı qəbul etsin! Allah Vətənimizi hifz etsin! Amin!

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!".

20.08.2018 13:20 / Baxılıb: 371 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo