Qazaxda kartof böcəyinə qarşı mübarizə tədbirləri görülüb

AZADİNFORM. Qazax rayonu ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən Azadinform-a verilən məlumata görə, xidmətin Qazax Rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri rayonun Cəfərli kəndində “Azərsun Holdinq” MMC-yə məxsus 138 hektar kartof sahəsində fitosanitar müşahidələr həyata keçirib və 38 hektar sahənin Kolorado kartof böcəyi ilə sirayətləndiyi aşkar olunub.

Sirayətlənmə aşkar olunan sahədə təsərrüfat subyekti hesabına “PROMUSE-700” preparatı ilə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri öz səmərəsini verib və sahələrdə Kolorado kartof güvəsinə rast gəlinməyib.

Qazax Rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri mütamadi olaraq fermerlərlə görüşlər keçirir, kimyəvi preparatlardan vaxtında təlimata uyğun istifadə edilməsi və texniki təhlükəsizlik qaydalarına düzgün riayət olunması ilə bağlı tövsiyələr verirlər. Hazırda mübarizə tədbirləri davam etdirilir.

Bildirilib ki, Kolorado kartof böcəyi Tovuz, Şəmkir və Gədəbəy rayonlarında geniş yayılıb. Gədəbəydə hava nisbətən sərin keçdiyi üçün ildə 2 nəsil, Gəncə-Qazax bölgəsində isə ildə 3-4 nəsil verir. Karantin zərərvericisi sayılan Kolorado kartof böcəyi kartof, badımcan, pomidor, bibər, kələm və digər birkilərə böyük ziyan vurur.

Bu böcək yayda və payızın isti vaxtlarında havaya qalxaraq 30 km məsafəyə qədər yayıla bilir. Güclü külək onların da daha uzaq məsafələrə yayılmasına şərait yaradır. Düzənlik və çöllərdə daha sürətlə yayılır. Zərərvericilərin daha geniş yayılmasının qarşısını almaq üçün bir sıra faydalı həşəratlardan, eyni zamanda gözəlbədən, qırmızıyanaq, qızılnöqtəli və s. kimi yırtıcı karabid böcəklərindən istifadə etmək olar. Bu böcəklər zərərvericinin sürfə, pup və yeni əmələ gəlmiş böcəkləri ilə qidalanırlar.

Zərərvericiyə qarşı kimyəvi mübarizə vaxtını düzgün müəyyən etmək üçün onun iqtisadi ziyanvurma həddi (İZH) dəqiqləşdirilməlidir. Zərərvericinin birinci nəslinin inkişafı dövründə yüz bitki üzərində orta hesabla 8-10 ədəd yetkin fərd, 10-15 ədəd kiçik yaşlı süfrə olduqda, kimyəvi mübarizə aparmaq lazımdır. Kimyəvi mübarizə məqsədi ilə Konfidor (0,5 l/ha), Fastak (0,2 l/ha) insektisidlərinin birindən istifadə etmək olar. Mövsümün əvvəlində işçi məhlulun hektara məsarif norması 400 litr, vegetasiya ərzində isə 600 litr istifadə olunmalıdır.

18.08.2018 15:38 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo