Dövlət qurumları tvitter, facebook və instaqramda

Əsasən facebookda təmsil olunurlar, tvitterdə isə son vaxtlar fəallaşmağa başlayıblar 

 

Nazirlər Kabinetinin (NK) tvitter səhifəsi (@AzerbaijanNK) yaradılıb. Bir neçə gündür fəaliyyətə başlayan səhifədə NK-nin qərarları və müvafiq xəbərləri paylaşılır. NK-nin sədri Novruz Məmmədovun da sosial şəbəkələrdən feysbuk və tvitterdə səhifəsi var.
Əslində, bunu bir zərurət də hesab etmək olar. Çünki günü-gündən sosial şəbəkə istifadəçilərinin sayı artır, artıq insanlar problemlərini burada işıqlandırmağa, hər sualına burada cavab tapmağa çalışır. Və artıq dövlət qurumları, onların rəhbərləri də burda təmsil olunmağa başlayıb.
Düzdür, bizdə daha çox facebook aktivdir, amma beynəlxalq aləmdə tvitter daha aktualdır. Bizdə bir çox dövlət qurumlarının sosial şəbəkə səhifəsi var, əsasən də facebookda. Bəs tvitterdə necə? Elə bu məsələdən dolayı dövlət qurumlarının sosial şəbəkədə aktivlikləri, əsasən, hansı şəbəkədə təmsil olunmağa önəm verdikləri və s öyrənməyə çalışdıq.

Sahil Babayevin facebook və tvitterdə səhifəsi olacaq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin facebook səhifəsinin 45 mindən çox izləyicisi var. Elə avqust ayında olan paylaşımlarına nəzər yetirdim. Nazirliyin fəaliyyəti ilə bağlı rəsmi paylaşımlar üstünlük təşkil edir. Mütəmadi paylaşımlar içərisində rəylərdə nazirliyə ünvanlanan müəyyən suallar da var və demək olar ki, hər birinə cavab verilib. Nazirliyin tvitter səhifəsi də aktivdir. Lakin nazir Sahil Babayevin nə feysbuk, nə də Tvitterdə hesabı qarşıma çıxmadı.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, çalışdığı qurum sosial şəbəkələr vasitəsilə müvafiq məlumatlandırma, nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı vətəndaş müraciətlərinin cavablandırılması işlərinin aparılmasına xüsusi önəm verir: "Hazırda nazirliyin facebook, tvitter, instağram və youtube kanalında səhifəsi fəaliyyət göstərir. Həmin səhifələr daim yenilənir, fəaliyyət istiqamətləri üzrə görülən işlər, aparılan islahatlar, keçirilən tədbirlər barədə bütün məlumatlar, foto və video materiallarla birlikdə mütəmadi olaraq bu səhifələrdə paylaşılır. Xüsusilə də, biz nazirliyin sosial şəbəkələrdəki səhifələrinin izləyicilər üçün daha maraqlı, dolğun məzmunda olmasına, bu səhifələrin əmək və sosial müdafiə sahəsində aparılan islahatlarla, ictimai aktuallıq kəsb edən mövzularla, əmək və sosial müdafiə sahəsində yeni qanunvericilik aktları ilə bağlı geniş və operativ maarifləndirmə funksiyası daşımasına çalışırıq.
Digər tərəfdən, aktiv məşğulluq, sosial müdafiə və reabilitasiya tədbirlərinə cəlb olunan insanlar, bu tədbirlərin həmin insanların həyatında yaratdığı müsbət dəyişikliklər barədə həyati epizodlar, obrazlar da təqdim edirik ki, bunlar da çox maraqla qarşılanır. Səylərimiz də müsbət nəticəsini verir, son vaxtlarda izləyicilərimiz bizə nazirliyin sosial şəbəkələrdəki səhifələrinin dolğun məzmuna malik olması ilə bağlı müsbət fikirlərini çatdırırlar”.
F.Talıblının sözlərinə görə, facebook və instağram səhifələrində vətəndaşların müraciətləri də operativ şəkildə cavablandırılır və bu müraciətlərdə əksini tapan hər hansı aidiyyəti məsələ nazirliyin müvafiq struktur bölmələri ilə birgə araşdırılmaqla, nəticəsinə uyğun vətəndaşa aydın şəkildə cavablar verilir. Youtube kanalında isə mütəmadi olaraq nazirliyin tədbirləri, islahatlar barədə, eləcə də maarifləndirici məqsəd daşıyan sujetlər yerləşdirilir. Bütün bu qeyd olunan sosial səhifələrə girişi daha da asanlaşdırmaq üçün nazirliyin rəsmi saytında onlara keçid linkləri də yaradılıb. Təbii ki, bu işlərin nəticəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial şəbəkələrdəki izləyicilərinin də sayı artmaqda davam edir. Məsələn, nazirliyin facebook səhifəsini izləyənlərin sayı artıq 45,5 minə çatıb”.
F.Talıblı qeyd etdi ki, nazir S.Babayevin də feysbuk və tvitterdə səhifəsinin açılması nəzərdə tutulur və bu da vətəndaşlara artıq sosial şəbəkələr vasitəsilə də nazirə bu və ya digər aidiyyəti məsələ ilə bağlı müraciət etmək imkanı yaradacaq.

Daha maraqlı təqdimatda məlumatlandırma, maarifləndirmə 

Kənd Təsərrüfatı Nazirliyini son vaxtlar facebookda daha maraqlı paylaşımlarla görürük. Məlumat üçün qeyd edək ki, nazirlik "Kənd Təsərrüfatı Nazirliyi” və "Aqro Azərbaycan” adlı səhifələrlə həm facebookda təmsil olunur, həm də instağramda. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov deyir ki, "Kənd Təsərrüfatı Nazirliyi” səhifəsində daha çox rəsmi məlumatlar paylaşılır: "Aqro Azərbaycan” səhifəsini isə 2 ay olar ki, yaratmışıq. Bu səhifə vasitəsilə daha maraqlı təqdimatda məlumatlandırma, maarifləndirmə xarakterli paylaşımlar edirik”.
Kənd təsərrüfatı naziri İnam Kərimovun facebookda səhifəsi var, amma tvitterdə hələ ki yoxdur. 

Yavaş-yavaş izləyici sayı da artır 

Səhiyyə Nazirliyinin facebook səhifəsinin 50 minə yaxın izləyicisi var. Səhifədə rəsmi məlumatlar paylaşılır, amma nədənsə bəyənmə və izləyici rəyi cəhətdən elə böyük aktivlik hiss olunmur. Tvitterdə nazirliyin səhifəsi yeni açılıb. Bu barədə açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkir bildirdi ki, nazirliyin hazırda bir neçə sosial şəbəkədə səhifəsi var: "Youtube kanalımız da var. Tvitter səhifəmiz yeni açılıb, instağramda da əvvəl səhifəmiz var idi, amma indi yenisini açmışıq. Yavaş-yavaş izləyici sayı da artır. Bu səhifələrdə xəbərləri, televiziyada bizimlə bağlı olan verilişləri də paylaşırıq”.  

Səhiyyə naziri Oqtay Şirəliyevin nə facebook, nə də tvitterdə səhifəsi yoxdur. Bununla bağlı da P.Abubəkirə sual ünvanladıq. O, bildirdi ki, nazirdən səhifəsi olub-olmadığını soruşmayıb: "Ondan səhifəsi olub-olmadığını soruşmamışam. Onu öyrənmək istəyirsinizsə, naziri tapıb soruşun. Köməkçisindən soruşa bilərsiniz”.  

Sosial şəbəkə vasitəsilə yazılan heç bir sual cavabsız qalmır  

Dövlət Miqrasiya Xidməti facebook, tvitter, youtube sosial şəbəkələrində təmsil olunur. Qurumun ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Füzuli İsmayılov deyir ki, hər bir sosial şəbəkə səhifəsi qurumun rəsmi saytına bağlıdır: "Aktivdir, gündəlik yenilənir. Xəbər, informasiya xarakterli məlumatlar paylaşılır. Sosial şəbəkə vasitəsilə yazılan heç bir sual, müraciət cavabsız qalmır. Hamısına operativ cavab verilir”. 

Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun facebook və tvitterdə səhifəsi var və səhifəni açanda həm paylaşım, həm də izləyici reaksiyası tərəfdən aktivlik olduğu görünür. Hətta bir müddət öncə V.Hüseynovun özünün sosial şəbəkə istifadəçisinin sualına cavab verməsi məsələsi gündəmə gəlmişdi.

Nazirin facebook sosial şəbəkəsində səhifəsi mövcuddur 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də facebook-da təmsil olunur. Nazirliyin facebook səhifəsinin 12 mindən çox izləyicisi var. Səhifədə daha çox rəsmi məlumatlar paylaşılır. Tvitterdə olmasa da, nazir Ramin Quluzadənin facebook-da 4 mindən çox izləyicisi olan hesabı var. Ümumi səhifəyə göz atanda görünür ki, vətəndaş sualları var, amma bir çoxuna səhifədə reaksiya verilməyib. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, hazırda auditoriyanın aktivliyini nəzərə alaraq, nazirin facebook sosial şəbəkəsində səhifəsi mövcuddur. Səhifədə vətəndaş suallarının cavablandırılmasına gəlincə, bildirildi ki, sosial şəbəkə üzərindən ünvanlanan bütün müraciətlərə anında və operativ reaksiya verilir: "Həmin müraciətlər araşdırılıb, həllini tapması üçün nazirliyin müvafiq qurumlarına ünvanlanır. Bir çox halda istifadəçilər "mesaj qutusu”na da eyni xarakterli müraciəti etdiyi və həmin müraciətlər öz həllini tapdığı üçün onların səhifənin lövhəsinə yazdıqları müraciətlər cavabsız qalır”.
Məlumatda qeyd olunur ki, nazirliyin sosial şəbəkələrdəki səhifələrində əsas diqqət qurumun fəaliyyətinə, həyata keçirdiyi işlərə, sektor üzrə yeniliklər barədə əhalinin məlumatlandırılmasına və maarifləndirilməsinə yönəldilir. Bundan başqa, ölkənin ictimai-siyasi həyatında baş verən yeniliklər, əlamətdar tarixi günlərlə bağlı paylaşımlar da diqqət mərkəzində saxlanılır.

400 min izləyicisi olan səhifə 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin facebookda iki səhifəsi var: "Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” və "ASAN Xidmət”. Birinci səhifənin 13 mindən çox izləyicisi var və orda daha çox rəsmi məlumatları görə bilərik. "ASAN Xidmət” səhifəsinə daxil olanda isə bir rəngarənlik olduğu hiss olunur və səhifənin 400 mindən də çox izləyicisi var. Agentlik tvitterdə də aktivdir.
ASAN sədri Ülvi Mehdiyevin facebookda şəxsi profili var. Tvitterdə isə profili qarşıma çıxmadı.
Agentliyin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyevin sözlərinə görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı məlumatlandırılma müxtəlif vasitələrlə həyata keçirilir. Bu sırada sosial şəbəkələrlə iş xüsusi yer tutur: "Belə ki, "ASAN xidmət”in facebook, tvitter, instagram, youtube sosial şəbəkələrində rəsmi səhifələri mövcuddur. Müvafiq sosial şəbəkələrin idarə olunması Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən həyata keçirilir. Sosial şəbəkələrdə paylaşımlar əsasən, mərkəzlərdə göstərilən xidmətlər barədə maarifləndirmə, məlumatlandırma, həyata keçirilən müxtəlif sosial məsuliyyət yönümlü və digər tədbirlər, əlamətdar günlər və s. ilə bağlı olur. Eyni zamanda, vətəndaşlar qeyd olunan sosial şəbəkələr vasitəsi ilə müraciət etməklə öz suallarına cavab ala bilirlər”.


Aygün Asimqızı

18.08.2018 13:25 / Baxılıb: 165 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo