İqtisadiyyatın dinamik inkişafı davam edəcək

Beynəlxalq reytinq agentlikləri Azərbaycanın iqtisadi inkişaf tempini müsbət qiymətləndirirlər 

 

Son dövrlər Azərbaycan iqtisadiyyatda baş verən inkişafı hiss etməmək qeyri-mümkündür. İqtisadiyyatımızın bir sıra sahələrinə dövlətin qayğı və diqqətinin artırılması, beynəlxalq təcrübəyə əsaslanan yeni inkişaf metodlarının tətbiq edilməsi öz nəticəsini göstərməkdədir. Bu istiqamətdə həyata keçirilən islahatların əsas məqsədi iqtisadiyyatın şaxələndirilməsini və investisiya qoyuluşunu sürətləndirmək, qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək və ixrac imkanlarını genişləndirməkdir. Yerli məhsullara dünya bazarlarında tələbatın artması ixracın inkişafına böyük təsir göstərdi. Bu isə öz növbəsində iqtisadi artımı təmin edir. Ölkəmizdə gedən iqtisadi inkişaf beynəlxalq aləmdə də öz təsdiqini tapıb. Belə ki, "Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini gözləyir. Agentliyin analitikləri 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımının 1,5 faiz, 2019-cu ildə 3 faiz təşkil edəcəyini proqnozlaşdırır: "Əlverişli xarici mühit - 2017-ci ildə neft qiymətlərinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxardı. Biz gözləyirik ki, Azərbaycanda ümumi daxili məhsulun artımı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 3 faiz artacaq. Bu, neft qiymətlərinin artmasının davam etməsi ilə və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur”. 
İqtisadçı Rəşad Həsənov bildirir ki, beynəlxalq reytinq agentlikləri Azərbaycanın inkişaf proqnozunu və eyni zamanda reytinqləri müəyyənləşdirərkən əsasən makro indikatorlara əsaslanırlar: "Burada əsas götürülən indikatorlardan biri faktiki olaraq Azərbaycan manatının 2017-ci ildən sabitləşməsidir. Reytinq agentlikləri hesab edirlər ki, bu sabitləşmə sonrakı dövrlərdə iqtisadi resepsiya prosesinin dayanmasını və daha sonra 2018-ci ildə gözlənildiyi kimi 1,5 artıma gətirib çıxardacaq. Çünki bu sabitləşmənin özü iqtisadi təşəbbüsləri, aktivləri artırır. İkinci indikator isə ondan ibarətdir ki, müxtəlif sektorlar üzrə ötən dövrdə ərzində həm Strateji Yol Xəritələrində qeyd edilən vədlərin yerinə yetirilməsi, həmçinin bu sahələrin inkişafı üçün digər dövlət proqramlarının icrası məqsədilə görülən işlər iqtisadi inkişaf tempini artırır. Məsələn, bu, turizm sektorunda əhəmiyyətli şəkildə hiss olunur. Hazırda sektorda orta illik inkişaf tempi 7 faizin üzərindədir. Eyni zamanda, kənd təsərrüfatı sahəsində istehsal prosesinin inkişaf etdirilməsi və subsidiyalaşması, maliyyə dəstəyinin artırılması, həmçinin gözlənildiyi kimi, bu sahədə sığorta sisteminin təkmilləşdirilməsi sektorda inkişafı dəstəkləyən amillərdəndir. Ümumiyyətlə, götürəndə Azərbaycanda ixracın subsidiyalaşdırılması təcrübəsinin tətbiqinə başlanması da özü yerli istehsalı təşviq edən faktorlardan biridir. Amma burada bir məsələyə diqqət etmək lazımdır ki, Azərbaycanda xüsusilə yerli istehsalın beynəlxalq bazarlarda qiymət baxımından rəqabət imkanını artıran faktorlardan biri də manatın məzənnəsinin dəyərsizləşməsi idi. Çünki ötən dövr ərzində manat təxminən iki dəfə dəyərini itirdi. Bu, yerli istehsalın, o cümlədən daxili turizmin rəqabətliliyini artırdı. Hazırda manatın indiki məzənnəsi müəyyən qədər baş verən prosesləri dəstəkləyir, bu da qeyri-neft ixracının artım tempini artırır. Məsələn, 2017-ci ildə qeyri-neft sahəsində 22 faiz artım baş vermişdir”. 
Ekspert həyata keçirilən digər iqtisadi layihələrdən də danışdı: "Digər mühüm indikatorlardan biri də neft sektorudur. Reytinq agentlikləri bunu xüsusi vurğulayırlar ki, "Şahdəniz” layihəsinin ikinci hissəsinin işə düşməsi və eyni zamanda, TANAP layihəsinin istifadəyə verilməsi Azərbaycanın enerji sektorundan resurs gəlirlərinin artmasını şərtləndirən amillərdəndir. Son nəticədə neft sektorunda təxminən 2011-ci ildən müşahidə edilən prosesin istiqaməti dəyişdi və böyüdü. Bu, beləliklə ümumi iqtisadi artıma səbəb oldu. Həmçinin nəqliyyat sektorunda da əhəmiyyətli layihələr həyata keçirildi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılması Azərbaycanın tranzit imkanlarını genişləndirdi. Hazırda dəmir yolu tam işləməsə də, yaxın zamanda onun imkanları hesabına tranzit gəlirlərinin artması və nəqliyyat sektorunun böyüməsi ehtimalları var. Bu prosesi dəstəkləyən faktor isə Ələt iqtisadi zonasının istifadəyə verilməsi oldu”.
İqtisadçı son olaraq qeyd etdi ki, bütün bunlar son nəticə olaraq 2018-ci ildə iqtisadi artımın daha da sürətlənəcəyinə əsas verir: "Bəzi reytinq agentlikləri hesab edir ki, 2018-2019-cu illərdə neftin qiyməti orta hesabla 70 dolların üzərində olacaq. Bu da Azərbaycan üçün daha optimal xarici mühitin formalaşmasına və son nəticə olaraq ciddi inkişafa şərait yaradacaqdır”.
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov deyir ki, hökumətin gördüyü işlərlə əlaqədar olaraq iqtisadi artım dinamik şəkildə davam edəcək: "Məlum olduğu kimi, bir ara dünya bazarlarında neftin qiyməti endiyinə görə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik üçün təhlükə yaranmışdı. Bu hətta 2016-cı ildə ümumdaxili məhsulun istehsalı dinamikasında tənəzzüllə müşahidə olundu. Lakin keçən ildən artıq ölkə iqtisadiyyatına xarici təsirlərin azalması səbəbindən, dünya bazarlarında neftin qiymətinin stabilləşməsi ilə əlaqədar olaraq iqtisadi enişdə dayanma oldu. Bu, müvafiq olaraq cüzi də olsa, artımla əvəzlənməyə başladı. Həmin proses bu il də davam etməkdədir. Dünya bazarlarında neftin qiyməti ilə bağlı proqnozlara əsaslanaraq, o cümlədən ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı hökumətin gördüyü işlərlə əlaqədar belə demək olar ki, iqtisadi artım dinamik şəkildə davam edəcək. Buna sübut kimi də beynəlxalq reytinq agentliklərinin ard-arda keçən ildən etibarən bizim iqtisadi göstəricilərimizlə bağlı müsbət rəylər verməsini göstərmək olar. Bundan başqa, turizm sahəsinin inkişafı ilə bağlı ölkəyə maliyyə axının baş verməsi, həmçinin aqrar sahədə həyata keçirilən tədbirlər ardıcıl və dinamik inkişafı şərtləndirən amillərdəndir”.

 

Günel Azadə

18.08.2018 12:40 / Baxılıb: 206 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo