Qeyri-neft sektoru: nəticələr, potensial və perspektivlər - ANALİZ

Dövlət Statistika Komitəsinin cari ilin ilk yarım ili üçün açıqladığı məlumatlar respublikamızda iqtisadi inkişafın vəziyyətini aydın ifadə edir. Bu yazımızda biz qeyri-neft sektorundakı vəziyyətə toxunacağıq. Yarım ildə qeyri-neft sektorunda 7 faizə yaxın artımın əldə olunması çox təqdirəlayiqdir. Neftdən asılılığı azaltmaq və tarazlı inkişaf üçün iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən siyasət tədricən öz nəticəsini verir. Bu işi bir az da sürətləndirsək idxaldan asılılıq xeyli azalar, qlobal böhranlar, iqtisadi və maliyyə maxinasiyaları zamanı ölkəmiz çətin vəziyyətə düşməz.

Xüsusilə, aqrar sektorda, yüngül sənayedə güclü potensial var. KTN-nin yeni rəhbərliyi regionların iqtisadi inkişafını sürətləndirmək üçün müvafiq siyasəti həyata keçirə bilmək əzmindədir. İlk addımlardan bu aşkar görünür. Dövlət başçısının tapşırıqlarına və qəbul edilən dövlət proqramlarına uyğun olaraq bu sahədə işlər sürətləndirilib. Son illərdə perspektivli ənənəvi sahələrin inkişafına diqqət artırılıb. Xüsusilə, üzümçülük – şərabçılıq, pambıqçılıq - tekstil, baramaçılıq - ipəkçilik, tütünçülük-siqaret məmulatları, həmçinin meyvə - tərəvəzçilik - qida sənayesi istiqamətlərində ciddi nailiyyətlər əldə olunub. Bu sahələrin keçmiş şöhrətini qaytarmaq istiqamətində atılan addımlar ölkə iqtisadiyyatına böyük gəlirlər gətirəcək.

Lakin, bu istiqamətdə hələ görüləsi çox işlər var. Dövlət kiçik sahibkarlığa, fermerlərə dəstəyi daha da artırmalıdır, vergi güzəştləri etməlidir, bu, sonrakı mərhələdə orta və iri sahibkarlığın inkişafına da stimul verəcək. 

Bu istiqamətdə əsas addımlardan biri də aşağı (1-2) faizlə xarici fondlara yerləşdirilmiş 45 milyardlıq rezervlərin bir neçə milyardını ölkəyə gətirib iqtisadiyyata investisiya qoymaq olar. Bu həmin rezervlərin hazırda verdiyi gəlirdən dəfələrlə çox gəlir verəcək və bununla yanaşı xeyli sayda iş yerlərinin yaranmasına, yerli istehsalın çoxalmasına, idxaldan asılılığın azalmasına, qeyri-neft ixracının artmasına, büdcə gəlirləri və ümumilikdə ÜDM-in xeyli artmasına gətirib çıxaracaq. 

Bundan başqa, gömrükdə və bazarlarda monopoliya halları tam aradan qaldırılmalıdır. İstehsalçıların öz məhsullarını xarici bazarlara çıxarması rahatlaşdırılmalıdır ki, ölkəyə valyuta axını sürətlənsin. Bundan başqa, idxalda protektionist siyasəti gücləndirmək lazımdır. Misal üçün, ölkədə istehsalı yüksək olan və daxili tələbatı ödəyən məhsulların gətirilməsinə gömrük rüsumlarını artırmaq, ölkədə istehsalı olmayan və ya çox az olan məhsulların idxal rüsumu isə azaldılmalıdır. Bunun nəticəsində həm yerli istehsalı daha da stimullaşdırmaq, həm də ölkədə ucuzluq yaratmaq olar ki, bu da iqtisadi faydadan əlavə, həm də sosial vəziyyəti daha da yaxşılaşdıra bilər.

Bazarlarda alverçi monopoliyası yığışdırılsa, istehsalçı və istehlakçı arasında birbaşa əlaqə təmin olunar ki, bu da hər iki tərəf üçün faydalı olar, bolluq və ucuzluq yaranar. Nazirlik bütün şəhərlərdə daimi yarmarkalar təşkil edə və ora öz məhsulunu satmağa gətirən istehsalçıları pulsuz buraxa bilər. Bu halda kəndli öz məhsulunu rahat sata biləcək və fayda götürdüyünə görə gələn il daha çox məhsul istehsal etməkdə maraqlı olacaq. İstehlakçılar isə bu məhsulları bazarlardan daha ucuz ala biləcək. Nəticədə həm aqrar sektorda iqtisadi artım əldə olunacaq, həm də ölkədə bolluq və ucuzluq yaranacaq.

Bəzi digər tədbirlər də müxtəlif sahələrdə yerli istehsalın artımını stimullaşdıra bilər. Misal üçün, ölkəyə istehsal avadanlığının gətirilməsi tam olaraq gömrük rüsumundan və vergidən azad edilməlidir. Nəticədə xammal kimi ucuz satdığımız məhsulların ölkədə emalını, istehsalını təşkil etmək olacaq ki, bu da son dərəcə faydalıdır. Həm hazır məhsul ixracından daha çox gəlir əldə etmək olacaq, həm də idxaldan asılılıq azalacaq.

Hazırkı kritik regional iqtisadi və maliyyə təlatümlərinin təsirinə məruz qalmamaq üçün bu addımlara ehtiyac var. Dövlət bu işdə əzmli görünür və strateji planda qeyd etdiklərimizin həyata keçəcəyinə və iqtisadi inkişafın sürətlənəcəyinə şübhə yoxdur.


Elçin Bayramlı

17.08.2018 17:50 / Baxılıb: 387 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo