"Azərbaycan Xəzərlə bağlı problemlərin həllinə daim öz töhfəsini verir"

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması dünyanın diqqət mərkəzindədir. Nüfuzlu ekspertlər qeyd edirlər ki, bu sənəd bəzi maneələrin aradan qaldırılması üçün şərait yaradacaq.

Azadinform Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fərəc Quliyev deyib.

Fərəc Quliyev V Zirvə toplantısında qəbul olunmuş Konvensiyanın əhəmiyyətindən söhbət açaraq bildirib ki, bu sənəd Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyətinə, iqtisadi, nəqliyyat xarakterli məsələlərin həllinə, xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına geniş perspektivlər açacaq. “Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq və qarşılıqlı fəaliyyət mövcüddur. Bu da təhlükəsizliyin və sabitliyin əsas göstəricisidir. Uzun illər idi ki, Xəzərin statusu ilə bağlı müzakirələr aparılır, komissiyalar bu istiqamətdə işləyir. Bu məsələdə Azərbaycan da öz mövqeyində prinsipiallıq göstərirdi. Bütün detallar üzərində ümumi razılaşma əldə edildi və tarixi əhəmiyyətli sənəd imzalandı”, - deyə F.Quliyev vurğulayıb.

Deputat bildirib ki, Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət ayırır, bu istiqamətdə ən müasir üsullardan istifadə edir. Onun sözlərinə görə, dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasi kurs, gördüyü tədbirlər, xüsusilə neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib. Zirvə toplantısında da qeyd olunub ki, Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi bütün neft-qaz əməliyyatları Beynəlxalq Standartlaşdırma Təşkilatınun (İSO) standartlarına uyğundur.

Azərbaycanın Xəzərlə bağlı problemlərin həllinə daim öz töhfəsini verdiyini söyləyən F.Quliyev Konvensiyanın imzalanmasını Azərbaycan diplomatiyasının növbəti uğuru hesab edərək bildirib ki, bu razılaşma, ölkəmizə həm siyasi, həm də iqtisadi dividentlər gətirəcək. “Son illər Azərbaycan Prezidentinin xarici siyasət kursunda bir-birinin ardınca uğurlar əldə edilib. Bu da növbəti uğurdur. Bundan sonra Xəzəryanı ölkələr arasında münasibətlər getdikcə yüksələn xətt üzrə inkişaf edəcək. Eyni zamanda, bu sənəd həm təhlükəsizlik, həm də ölkələr arasında münasibətlərin yeni müstəviyə qədəm qoyması, iqtisadi potensialın daha da artması baxımından yüksək dəyərə malikdir.

Xəzəryanı ölkələr arasında münasibətlərin daha da yaxşılaşdırılmasında, əməkdaşlığın inkişafında əhəmiyyətli əsaslar olacaq. Bu vaxta qədər neft və neft məhsullarının çıxarılmasında və daşınmasında Azərbaycanın imkanlarından istifadə edən şirkətlərin fəaliyyəti daha geniş vüsət alacaq. Hesab edirəm ki, bu Konvensiyanın imzalanması Azərbaycanın xarici siyasətinin uğurudur. Eyni zamanda, Xəzər regionunda sabitliyi təmin etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq”, - deyə Milli Məclisin deputatı bildirib.

17.08.2018 16:30 / Baxılıb: 201 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo