Baş Prokurorluq və DİM-in birgə məlumatı - Cinayət işi başlanılıb

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Azadinform xəbər verir ki, həmin birgə məlumatda deyilir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin təhsil sahəsində apardığı uğurlu islahatlar, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələri öz müsbət nəticələrini əldə etməklə bu sahədə əsaslı inkişafa səbəb olmuşdur.

Məhz bu islahatların nəticəsidir ki, artıq uzun illər boyu ölkəmizdə ali təhsil müəssisələrinə keçirilən şəffaf imtahanlar vasitəsi ilə öz bilik və bacarıqlarını göstərən və ən yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayı il-ildən artır.

Lakin təəssüflər olsun ki, bəzi hallarda ədalətli şərtlər əsasında ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin bir sıra «təhsil işçiləri» vasitəsi ilə qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməsinə cəhd hallarına da rast gəlinir.

Belə ki, Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində 2018-ci ildə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınmışdır.

Aparılmış ilkin araşdırmalar zamanı Gəncə və Mingəçevir şəhərləri üzrə müxtəlif ali və orta təhsil müəssisələri əməkdaşları tərəfindən müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində artıq Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Gəncə Dövlət Universitetinin tələbələri adlarına yiyələnmiş gənclərin qəbul imtahanlarında abituriyentlərin şəxsiyyət vəsiqələri və imtahana buraxılış vərəqələrini təqdim etməklə, imtahanda iştirak etmələrinin təşkil olunmasına cəhd edilməsinə əsaslı şübhələr müəyyən edildiyindən həmin faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 29, 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. 

16.08.2018 13:30 / Baxılıb: 103 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo