Torpaqların Azərbaycana qaytarılmasına qarşı erməni millətçilərinin mitinq çağırışları cavabsız qaldı

Ləman Hüseynzadə / AZADİNFORM. “Ermənistan əhalisinin əksəriyyəti və Dağlıq Qarabağdakı ermənilərin böyük bir qrupu Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Armeniasputnik.am saytı Yuxarı Larsda erməni məhsullarının günlərlə blokadada qalmasını aradan qaldırmaq üçün Gürcüstan dəmir yolu vasitəsilə yüklərin Azərbaycan ərazisindən Rusiyaya daşınması mövzusunu gündəliyə gətirdi. Əlbəttə, o bu yadasalmanı özünəməxsus şəkildə etdi. Guya kimsə bu ideyanı ortalığa atıb, Gürcüstanda və Ermənistanda isə bu yolla yüklərin daşınmanın əleyhinədirlər”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Nikol Paşinyan hökumətindən əvvəlki Karen Karapetyan hökuməti də bir neçə dəfə Ermənistanın Azərbaycanın nəqliyyat kommunikasiyalarına, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmasını müzakirə edib: “Mehri dəmir yolunun İran kontekstindən açılması da Ermənistan hökumətinin müzakirə etdiyi məsələlərdən biri idi. İndi Yuxarı Larsa alternativ kimi ermənilərin Gürcüstan-Azərbaycan-Rusiya dəmir yolu daşımasını gündəliyə gətirməsi mövzunun müəyyən mənada inkişafı deməkdir. Əgər Yuxarı Larsda vəziyyət gərginləşəcəksə erməni ictimaiyyətində, hətta, Mehridəmir yolunun açılmasını tələb edənlər tapılacaq. Ən azı N.Paşinyan hökumətinin iqtisadi proqramında kənd təsərrüfatının inkişafı çox ambisiyalı qoyulub. Ermənistanın kənd təsərrüfatı məhsulları üçün ən böyük bazar Rusiya bazarıdır. Abxaziyanın və Cənubi Osetiyanın  müstəqilliklərini tanıyan dövlətlərin sayının artması fonunda Gürcüstanla Abxaziya arasında dəmir yolu əlaqələrinin bərpası qeyri-mümkündür. Həm də indi Gürcüstan rəhbərliyinin də Ermənistana konseptual yanaşması tam dəyişib. B.İvanişvili Ermənistanı Gürcüstanın satellitinə çevirmək istəyir. Bununla da Gürcüstanın daha güclü dövlət olduğunu nümayiş etdirmək istəyir. Artan kənd təsərrüfatı yüklərinin daşınması Gürcüstandan kənar marşrutları Ermənistan üçün zəruri edir”. 

“Məsələnin daha aydın tarixinin mövcudluğunu N.Paşinyanın mitinqləri ortalığa qoydu”, - deyən politoloq əlavə edib ki, möhlət hüququ uğrunda mübarizə aparan tələbələr N.Paşinyanın mitinqlərinin əsas kütləsi idi: “Hərbçilər, o cümlədən Dağlıq Qarabağdakı hərbi hissələrdən qaçanlar da mitinq iştirakçıları arasında heç də az saylı deyildi. Əhalinin də böyük əksəriyyəti N.Paşinyanı məhz Dağlıq Qarabağ məsələsində S.Sərkisyandan fərqli mövqeyin daşıyıcısı olduğuna görə dəstəklədilər. Mitinqlərinin Dağlıq Qarabağ məsələsindəki bu imperativliyini danması N.Paşinyana baha başa gələcək. Ən azı bu gün baş verənlərdə bunu sübut edir. Ermənistan Ümummilli Hərəkatının tanınmış fəallarından Zoya Tadevosyanın ətraf əraziləri Azərbaycana qaytarmaqla bağlı çağırışı ilk dəfə deyildi. Lakin bu dəfə onu belə çağırışa inamlı edən sosial şəbəkələrin erməni seqmentində analoji çağırışların sayının hədsiz çox artması idi. Z. Tadevosyan N.Paşinyanın aşkar hədəsi qarşısında dediyi fikirlərə görə üzr istədi. Amma o, S.Sərkisyanın dövründə də ən azı 2 dəfə belə çağırışlar etmişdi. Heç kəs Z.Tadevosyanı üzr istəməyə vadar edə bilmədi. “Respublika” partiyasının rəhbərlərindən biri olan A.Aşotyan Ermənistandakı indiki vəziyyəti “bankada əqrəblə bir yerdə olmaq” kimi xarakterizə etdi. 37-ci ilin Ermənistana qayıtdığını iddia edənlərin sayı çoxalır. Z.Tadevosyanın çağırışından sonra Dağlıq Qarabağın təhlükəsizlik xidmətinin keçmiş rəhbəri A.Qaramyan torpaqların Azərbaycana qaytarılması ilə bağlı erməni seqmetindəki artan çağırışlara qarşı mitinq keçirməyə çağırış etdi. Onun bu çağırışını Ermənistan parlamentinin keçmiş təhlükəsizlik komissiyasının sədri, Dağlıq Qarabağ separatçı rejiminin de-fakto baş nazirinin müavini işləmiş, iki silah zavodunun sahibi və kifayət qədər maliyyə imkanlı, daşnak A.Aqabekyan da daxil olmaqla bir sıra qatı xəstə erməni millətçiləri də dəstəklədilər. 15 gündən çox vaxt keçməsinə baxmayaraq hələ də Ermənistanda bu çağırış əsasında mitinqin keçirilməsi barədə məlumata rast gəlməmişik. Buna Ermənistanda  bir qrup xəstə millətçinin ifşası kimi yanaşmaq olar. Amma hələ ki, N.Paşinyan əhalinin bu əhval-ruhiyyəsini də görmək istəmir”.

15.08.2018 10:37 / Baxılıb: 211 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo